AZ

Azərbaycanın qlobal problemlərin həllinə strateji yanaşmasıŞƏRH

Azərbaycanın

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu” kimi yüksək səviyyəli beynəlxalq tədbirlərə dəvət edilməsi sadəcə diplomatik nəzakət aktı deyil, ölkəmizin qlobal siyasət və iqlim dəyişikliyinin həllində əsas iştirakçı kimi tanınmasıdır. Dövlətimizin başçısının bu tədbirdəki çıxışı, eləcə də onun yüksək səviyyədə qarşılanması Azərbaycanın iqlim dəyişikliyi və enerji təhlükəsizliyinin təmin edilməsi kimi qlobal çağırışların həllində strateji rolunu vurğulayır.

Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə analitik Masil Dəmirov söyləyib.

Azərbaycanın enerji strategiyasının xüsusilə diqqətəlayiq olduğunu deyən analitik bildirib ki, Günəş və külək kimi yaşıl enerji layihələrinin hazırlanması və həyata keçirilməsi ölkəmizin davamlı və ekoloji cəhətdən təmiz inkişafa sadiqliyini göstərir. İmzalanmış strateji enerji tərəfdaşlığı sazişləri və yaşıl enerjinin Avropaya ixracı planları Azərbaycanın enerji landşaftının dəyişdirilməsinə və yeni texnologiyaların tətbiqinə sadiqliyini nümayiş etdirir.

“Amma Azərbaycanın rolu təkcə enerji ilə məhdudlaşmır. Ölkənin müxtəlif beynəlxalq təşkilatlarda iştirakı və Avropa ölkələri ilə tərəfdaşlıq əlaqələri onun əməkdaşlıq və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istəyini vurğulayır. İmzalanmış strateji tərəfdaşlıq sazişləri və qaz tədarükünün artırılması onun regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi əhəmiyyətini təsdiqləyir. Azərbaycanın Qara dənizin dibi ilə inteqrasiya olunmuş elektrik ötürücü xətlərinin yaradılması təşəbbüsü ölkəmizin enerji təhlükəsizliyi və əməkdaşlıq sahəsində regional lider rolunu gücləndirir. Bu, təkcə beynəlxalq əlaqələrin möhkəmlənməsinə kömək etmir, həm də enerji sahəsində yeni standartlar müəyyənləşdirir”, - deyə Masil Dəmirov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın siyasətinin əsas istiqamətlərindən biri də ölkə iqtisadiyyatına investisiya qoyuluşunun dövlət tərəfindən dəstəklənməsidir. Xarici investorların köməyi ilə yaşıl enerji layihələrinin uğurla həyata keçirilməsi və əlverişli investisiya mühitinin yaradılması ölkənin xarici investisiyaları cəlb etməyə və iqtisadiyyatın yeni sahələrini inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirir.

“Bütövlükdə ölkəmiz qlobal siyasətdə və enerjidə əsas söz sahiblərindən biri sayılır. Azərbaycanın müxtəlif ölkələrlə strateji tərəfdaşlığı və qlobal problemlərin həllində fəal iştirakı onu qlobal birliyin ayrılmaz hissəsinə çevirir. Yaşıl enerjinin inkişafı, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və mötəbər tədbirlərdə fəal iştirakı ölkəmizin qlobal problemlərin həllinə strateji yanaşmasını təsdiqləyir”, - deyə analitik vurğulayıb.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla