AZ

Naxçıvanda ölənlər Birinci Qarabağ Müharibəsindən qalan hərbi sursatların qurbanı olub - AÇIQLAMA

Dünən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində iki nəfər həlak olub.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, baş vermiş hadisə onu göstərir ki, mina və partlamamış sursatlara tək işğaldan azad edilmiş ərazilərimizdə deyil, Ermənistanla sərhəd olan ərazilərimizdə də rast gəlinir.

"Naxçıvanda həlak olan vətəndaşlarımız Birinci Qarabağ Müharibəsindən qalan partlamamış sursatların qurbanı olub. Bizim təşkilat ötən il Naxçıvan Muxtar Respublikası ərazisində mina və partlamamış hərbi sursatlara dair monitorinq keçirdi. Monitorinqlər Ermənistan və İranla həmsərhəd bölgələrdə aparıldı.

Monitorinqlər zamanı müəyyən olundu ki, Ermənistanla sərhəddə minalar və partlamamış sursatlar var. İran və Türkiyə ilə sərhəddə isə bu təhlükələr yoxdur. Cəbhəyanı ərazilərdə görüşlər keçirdik, maarifləndirmə işləri apardıq. Naxçıvanda axırıncı mina partlayışı hadisəsi 2021-ci il Şərur rayonunda baş verib".

H.Səfixanov bildirib ki, düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və əraziləri çox ciddi şəkildə minalayıb.

"Azad edilmiş ərazilərdə yaşayan, quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Bundan başqa, ərazilərə qeyri-qanuni yollarla da ərazilərə keçmək istəyənlər olur. Bununla onlar öz həyatlarını təhlükəyə atırlar. Vətəndaşlar mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə mütləq müvafiq orqanlara müraciət etsinlər", - deyə o qeyd edib.

Qeyd edək ki, 2020-ci il 10 noyabrdan - 27 aprel 2024-cü ilə qədər 356 nəfər minadan zərər çəkib. Onlardan 65 nəfər həlak olub, 291 nəfəri xəsarət alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq