AZ

Qızıl zamanı çatıb - TƏHLİL

Yunanıstanın Rodos adasında keçirilən qadın şahmatçıların fərdi Avropa çempionatına bu gün yekun vurulacaq.

İdman.biz xəbər verir ki, Ellada torpağındakı yarış Azərbaycan idman tarixinə qızıl hərflərlə düşə bilər.

İsveçrə sistemi ilə keçirilən turnir 10 turdan ibarətdir. Son tur mükafatçıların adlarına aydınlıq gətirəcək.

Yarım xal yetər

Çempionatın lideri Ülviyyə Fətəliyeva keçirdiyi 9 matçda 8 xal toplayıb. Ən yaxın izləyicilərini 1 xal qabaqlayan təmsilçimiz gürcü Nino Batsiaşvili ilə qarşılaşacaq. Çempion olmaq üçün beynəlxalq ustamıza heç-heçə də kifayətdir. Yarım xal beynəlxalq ustamıza Avropa çempionu titulu qazandıracaq. Məğlubiyyət isə əlavə göstəricilərin nəzərə alınması zərurəti yaradacaq. Ondan bir xal geri qalanlardan biri - 5-ci sırada olan Günay Məmmədzadə də istənilən əyarlı medala iddiasını qoruyur. Yetərincə sıx olan cədvəldə Xanım Balacayeva və Səbinə İbrahimova da “üçlüy”ə düşmək üçün nəzəri şanslarını itirməyiblər. Onların hərəsinin 6,5 xalı var.

Görünməmiş uğur

Əgər Ülviyyə Avropa çempionu olsa, o, Azərbaycan şahmat tarixinə bunu bacaran ilk zəka sahibi olacaq. 2000-ci ildən keçirilən fərdi Avropa çempionatında nə kişi, nə qadın təmsilçimiz çempionluq qazanıb. 2020-ci ildə koronovirus səbəbindən baş tutmayan yarış indiyədək 23 dəfə təşkil olunub. Bu il qadınlar Yunanıstanda mübarizə aparırsa, qarşıda kişilərin İsrail sınağı planlaşdırılıb.

Polşadan başlanan uğur

Azərbaycan şahmatçıları əvvəlki illərdə cəmi 3 medal qazanıblar. İlk belə uğura 2005-ci Teymur Rəcəbov imza atıb. Həmin vaxt gənc istedad hesab olunan qrossmeysterimiz Polşada gümüşə sahib çıxıb. Bu uğur kişi şahmatçıların qitə səhnəsində ilk və hələlik son nailiyyəti kimi qalıb.

Praqada qızılsız “dubl”

Növbəti uğuru 17 il gözləmək lazım gəlib. 2022-ci ildə Praqada qadınlarımız fərqləniblər. Özü də təmsilçilərimiz iki mükafata sahib çıxıblar. Günay Teymurun nəticəsini təkrarlayaraq gümüşə yiyələnib. Ülviyyə isə bürünclə kifayətlənib. Həmin Ülviyyə ki, iki il sonra bürüncü qızıla dəyişməyə yaxındır. O, təkcə ilk çempionumuz deyil, həm də iki mükafata sahib çıxan birinci şahmatçımız olmaq imkanına malikdir.

Şahmatçıların fərdi Avropa çempionatındakı medallarımız
2005, Zabje (Polşa) – Teymur Rəcəbov – gümüş medal
2022, Praqa (Çexiya) – Günay Məmmədzadə - gümüş medal
2022, Praqa (Çexiya) – Ülviyyə Fətəliyeva – bürünc medal

Qeyd edək ki, Rodosda yığmamız 10 şahmatçı ilə təmsil olunub.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə:
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla