AZ

Aslan Kərimov: “Bu, “Sumqayıt”ın oyununa kölgə salmalı deyil”

“Sabah” - “Səbail” qarşılaşmasının gərgin keçəcəyi bilinirdi. Çünki hər 2 komanda Avropa Liqalarına çıxmağın sərhəddində idi”.

Bunu İdman.biz saytına müsahibəsində veteran futbolçu Aslan Kərimov deyib.

Azərbaycan Premyer Liqasında XXXII turu dəyərləndirən təcrübəli mütəxəssis bildirib ki, açılış matçında “Sabah”la “Səbail” (2:0) gözlənilən futbolu nümayiş etdirib: “Ev sahibi ilk dəqiqələrdə üstünlüyü ələ keçirib daha çox hücumlar etməyə başladı. Hər 2 komanda açıq futbola üstünlük verirdi. “Səbail” nisbətən rəqibi arxada qarşılasa da, əks-hücumları çox təhlükəli alınırdı. Həlledici məqam “Sabah”ın oyunçularının keyfiyyəti oldu. Onlar cinahda asmaları və birə-birləri daha tez-tez edə bildilər və bu üstünlüyü qola çevirə bildilər. Hesab edirəm ki, haqlı olaraq “Sabah” bu matçda qalib gəldi”.

Kərimov “Qəbələ” - “Kəpəz” (0:1) matçında da nəticəsinin qanunauyğun olduğunu deyib: “Bu matçda çox şey gözləmirdik. Meydan sahiblərinin gəncəlilərə çatması real görünmürdü. Qonaqlarda elitanı tərketmə qorxusu yox idi. “Qəbələ” kubokda məğlub olduğuna görə çox motivasiyasız idi. “Kəpəz” bir daha özünü sübut etdi ki, çempionatda qalmağa layiqdir. Son 2 ayda yaxşı oyunlarını nəzərə alsaq, onlar hər bir rəqibə qarşı mübarizə apara bilərlər”.

51 yaxşı mütəxəssis “Neftçi” – “Turan Tovuz” (3:0) görüşündə qonaqlarının qırılma anını açıqlayıb: “Tovuzlular da “Səbail” kimi avrokuboka çıxmaq uğrunda mübarizə aparırdı. Düzdür, çempionat başlayanda belə məqsədləri yox idi. “Sabah”, “Neftçi”, və “Zirə” kimi komandalara qarşı əvvəlcədən çətin olacağı bilinirdi. Bu oyunda da “ağ-qaralar”ın futbolçularının ustalıq səviyyəsinin daha üstün olması görünürdü. Artıq 1-ci qoldan sonra qırmızı vərəqə də oyunun taleyini həll etdi. Azlıqda qalmasaydılar belə qalib gələcəyini düşünmürdüm. “Neftçi”yə qarşı oynayanda cüzi qol imkanı verirsənsə, məğlubiyyətə hazır olmalısan. Bu komandaya qarşı tam səhvsiz oynamalısan. Amma onlar bunu bacarmadılar”.

Aslan Kərimov “Qarabağ”ın (0:1) ardıcıl 3-cü oyunda qələbə qazana bilməməsinin səbəblərinə də toxunub: “Oyunçular motivasiyasızdırlar. Sadəcə, bir qədər konsentrasiya pozuntuları olur. Məqsədlərinin öhdəsindən gələndən sonra oyunda 100 faiz gücünü ortaya qoymaq çətindir. İlk hissədə bəxtsizlik amili də var idi. Bir neçə topları dirəkdən döndü. Onlar qol olsaydı, fərqli nəticə də ola bilərdi. Bu, “Sumqayıt”ın möhtəşəm oyununa kölgə salmalı deyil. Çünki 2-ci hissədə onlar özlərində güc tapıb “Qarabağ”ı əks-hücumlarda yaxalayırdı və boşluqlardan istifadə edirdilər. Qol anı zamanı hücumda topu itirən “Qarabağ” futbolçuları yalnız onun ardınca baxırdılar. Bu da futbolçularda köklənmədə problemləri bir daha göstərir. Bu oyunda müdafiəçilər də özlərini yaxşı tərəfdən göstərə bilmədilər. “Sumqayıt” çox vacib qələbə qazandı. “Qarabağ” indikatordur. Onlardan xal almaq asan deyil. Bundan sonra həm “Neftçi”, həm “Zirə”, həm də “Sabah”la oyunları var. “Qarabağ”dan alınan xal və ya xallar qızıl sayılır. Bu, avroliqaya çıxmaq uğrunda böyük addımdır”.

Qeyd edək ki, Azərbaycan çempionatının XXXII turuna bu gün keçiriləcək “Zirə” – “Araz Naxçıvan” matçı ilə yekun vurulacaq.

Emin Ağa
İdman.biz

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla