AZ

Nazim Bəydəmirlinin məhkəməsi başladı: "İstəməzdim ki, adım..."

Hədə-qorxu yolu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Nazim Bıydəmirlinin vəkili Aqil Layc vəsatətlə çıxış edib. O bildirib ki, Ədalət Bağırovun ifadəsinə görə, Nazim Bəydəmirli ondan rüsvayedici məlumatları yaymaqla pul tələb edib. Vəkil bunun əsassız olduğunu deyib: "Ədalət Bağırov ifadəsində onun intim görüntülərini montaj edərək yaymaqla hədələdiyini deyib. Nazim Bəydəmirli heç kimin əmlakın talamayıb, şərəf və ləyaqətini alçatmayıb.

Nazim Bəydəmirli tanımış şəxsdir, onun şahidlərə təsir göstərmək imkanı yoxdur. Daimi yaşayış yeri var. Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirik".

Aqil Layıc həmçinin cinayət işinə xitam verilməsini də istəyib. Deyib ki, cinayətin obyekti yoxdur:

"Cinayətin başlanması üçün video hanı? Cinayətin əsası yoxdur. Nazim Bəydəmirlinin özü Ədalət Bağırovdan mənimsəmə faktı ilə bağlı şikayətçi olub".

Daha sonra Nazim Bəydəmirli çıxış edib. O heç bir cinayət törətmədiyini deyib: "Həbsim lazımdırsa, həbs edin. Mən Ədalət Bağlrovdan heç nə tələb etməmişəm. Onun həbsini istəməmişəm. Sadəcə, başa salmaq istəmişəm ki, biz şərik olmuşuq, şirkətdə 30 faiz səhmim olub. Müstəntiq də bunları bilirdi. Nə təhdid etmişəm, nə videosunu yaymışam. Ümumiyyətlə, belə bir şey olmayıb. Neynəməliyəm, qanuni yolu seçərək müraciətlər etmişəm bu adamın barəsində. Kimisə təhqir etməmişəm.

İqtidarla, müxalifətlə eyni mövqedə duran adamam. Dövlətimə, vətənimə sədaqətliyəm. Bu adamların şikayəti ucbatından neçə aydır həbsdəyəm. Bu, baxılmalı iş deyil. Xahiş edirəm, öz günahsızlığımı sübut etmək üçün mənə şərait yaradın.

İttihamı aktında göstırilib ki, guya 1996-cı ildə cinayətkar qrupla əlaqəm olub. İstəməzdim ki, adım siyasi məhbus kimi hallansın, mən ekoloji məhbus ola bilərəm. Gədəbəydəki çıxışlarım kiminsə xoşuna gəlməyə bilər. Mənim ailəm nə çəkir, təsəvvür edirsiniz".

Nazim Bıydəmirli bildirib ki, onun özü zərərçəkmişlərdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət edib. Dəfələrlə idarədə olub: "Mən izah etmək istəyirəm ki, Ədalət Bağırovdan heç nə tələb etməmişəm. Onları başa salmaq istəyirəm ki, şirkətdə 30 faiz payım var. Mən bunu demişəm. Ədalət Bağırovu təhdid etməmişəm. Qanuni yolu seçmişəm, şikayətlər etmişəm.

Mən kimi təhqir etmişəm? On aydır həbsdəyəm. Səhhətimdə problemlər var. Gələn ay 61 yaşım tamam olur. İstəmirəm ki, adım bəzi işlərdə hallansın. Mənim adımdan heç kim istifadə etməsin. Mən siyasi məhbus deyiləm. Vəsatətimi təmin edin, barəmdə alternativ qətimkan tədbirinin seçilməsinin xahiş edirəm".

Daha sonra hakimlər müşavirə keçirib. Müşavirədən qayıdan hakimlər qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin vəkilinin verdiyi vəsatət təmin olunmayıb. Məhkəmə baxışı mayın 13-ə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıblar.

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, ötən ilin iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Nazim Bəyrəmirli Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Daha sonra ona əlavə Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov
Seçilən
18
27
Mənbələr
Şərh ()
Bağla