AZ

“Əhalinin artımının azalması təhlükəlidir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ailədə bir və iki uşaq olanda əhalinin təbii artımı azalır. Belə olduğu təqdirdə əhali mənfi indekslə inkişaf edir. Ailədə bir uşaq olanda o, eqoist böyüyür, xarakteri düzgün şəkildə formalaşmır. Çünki evdə onun uşaq mühiti yoxdur. Baba, nənə, ata o uşaq mühitini yarada bilmir. Ailədə iki uşaq olanda onların arasında münaqişələr çox olur. Ailədə üç uşaq olanda isə evdə uşaq mühiti formalaşır. İki uşaq dalaşanda üçüncünün hesabına barışırlar. Bu zaman ölkədə əhalinin artımı müsbət indekslə inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, əhalinin artımının azalması təhlükəlidir: “Çünki belə olanda ölkədə artıq etnik dəyişikliklər baş verir. Hazırda Rusiyada təkliflər irəli sürülür ki, Afrikadan əhali cəlb edilsin. Çünki istehsalatda işləməyə adam yoxdur. Bir vaxtlar İkinci Dünya müharibəsindən sonra Almaniyada belə bir şərait yarandı, türkiyəlilər ora çağırıldı. Fransada oxşar ssenaridə ərəblər gəldi. Etnik tərkibin dəyişməsi ölkənin gələcəyi üçün arzuolunan hal deyil”.

Sosioloq bildirib ki, çox böyük artım da yanlışdır: “Bu zaman ailələri təmin etmək çətindir. Bundan başqa beynəlxalq güclər müxtəlif fəsadlar törədə bilərlər. Dərin təhlillərim əsasında arzuolunandır ki, bizim ölkədə üçuşaqlı ailə modelini geniş təbliğ edək. Onlar üçün şərait yaratmalıyıq. Ailədə doğulan uşaq təkcə ana və ataya məxsus deyil, həm də bu ölkənin vətəndaşıdır. Sabah həmin uşaq hərbi xidmətə və ya istehsalata çağırılır. Sosial məsələlər, qanunvericilik, səhiyyə, təhsil və digər önəmli nüanslar elə formalaşmalıdır ki, ailələrin maddi təminatı 3 uşağı böyütməyə kifayət etsin”.

Ləman Sərraf

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla