AZ

"Əlindən gələni etdi, amma alınmadı, qərara gəldik ki, yollarımızı ayıraq"

«Belə olmasını istəməzdik, amma türklər demiş, onun burada «kimyası tutmadı».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz aatlı»nın prezidenti Ədalət Abdullayev deyib.

I Liqada mübarizə aparan klub keçmiş baş məşqçisini geri qaytarıb. Son günlərə kimi idman direktoru postunu tutan, eyni zamanda, Rüfət Quliyevin fiziki hazırlıq üzrə köməkçisi işləmiş Şəhriyar Məmmədov yenidən komandanın sükanı arxasına keçib.

Aran təmsilçisini son 4 turda məhz o, meydana çıxaracaq. Qarşıya qoyulan tələb isə dəyişməyib - maksimum xal toplamaq və «Araz»ı çempionatda saxlamaq.

Rüfət Quliyev "Karvan"a 2:4 hesablı məğlubiyyətdən sonra istefa qərarı verib. Bölgə klubunun rəhbərliyi onun istəyinə müsbət qarşılıq verib.

"Araz Saat"lı mövsümə ardıcıl 4 məğlubiyyətlə başlamışdı. Quliyev isə məhz bundan sonra, 5-ci turdan region komandasının başına gətirilmişdi.

Arxada qalan 23 turdan sonra aktivində 10 xalı olan Saatlı təmsilçisi 10 komanda arasında sonuncu pilləni tutur.

Ə.Abdullayev baş məşqçi dəyişikliyinin səbəbləri haqda bunları söyləyib:

«Karvan»la oyundan sonra Rüfət Quliyevlə oturub söhbət etdik. Ümumi razılığımız bu oldu ki, yollarımız ayrılsın.

Biz ondan narazı deyilik. Əlindən gələni etdi. Rüfət müəllim savadlı və bacarıqlı mütəxəssisdir.

Vaxtilə millidə 27 oyun keçirib, İranda çıxış edib, məşqçi olaraq «Ağsu» ilə uğurlar qazanıb, çempion olub. Onu bura dəvət edərkən, bütün bunları nəzərə almışdıq və inanırdıq ki, komanda uğursuzluq zolağından çıxacaq.

Rüfət Quliyev bunun üçün əlindən gələni etdi, bütün mümkün variantları yoxladı. Sadəcə, alınmadı.

İndi komandanı yenidən Şəhriyar Məmmədova tapşırmışıq. O, «Araz Saatlı»da xidməti olmuş şəxsdir.

Rüfət Quliyevdən əvvəl də baş məşqçimiz Şəhriyar müəllim idi. Bir ara şəxsi işləri ilə əlaqədar klubdan uzaq düşmüşdü, martda yenidən geri döndü.

Çempionatı, komandanı tanıyır, futbolçulara bələddir. Açığı, hələ də inanırıq ki, klubumuz Birinci Liqada qalacaq.

Hələ dörd tur qalıb. Bu müddətdə çox şey dəyişə bilər. Son tura qədər mübarizəmizi davam etdirəcəyik».

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla