AZ

"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA

"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA

Bu gün terror təşkilatlarına qarşı mübarizə təkcə döyüş meydanında deyil, həm də çoxşaxəli şəkildə aparılmalıdır. İnsan həyatını asanlaşdırmaq, ünsiyyət mühitini yaxşılaşdırmaq və genişləndirmək üçün ortaya çıxan yeni ünsiyyət vasitələrindən biri olan sosial media dövlətlərlə terror təşkilatları arasında yeni mübarizə sahəsi kimi qarşıya çıxır. Yaşadığımız dövrdə insanlar hər gün sosial mediadan aktiv şəkildə istifadə etməyə başlayıblar. Bu vəziyyət fərdlərin ünsiyyət vərdişlərini də dəyişib.Onsuzda sosial şəbəkələr arasında ən çox narazılıq edilən platforma "TikTok"dur. Çoxlu sayda insanın "TikTok"dan istifadə etməsi və ona nəzarət etməkdə çətinliyin olması terror təşkilatları tərəfindən bir fürsət olaraq görülür və təbliğat məqsədilə fəal şəkildə istifadə edilir.

Azərbaycanın "TikTok" platformasında terror qruplaşmaları yardım adı altında kampaniya başladıb. Bildiyimiz kimi, uzun müddətdir İsrail-Fələstin müharibəsi davam edir. Qəzzalılara yardım adı altında bu şəxslər öz fəaliyyətlərini vətəndaşlardan aldıqları vəsait ilə özlərini maliyyələşdirməyə çalışırlar. Bu kampaniya və tabliğatların qarışısını almaq məqsədilə hansı addımlar atılır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, bu məsələ həqiqətən ən aktual problemlərdən biridir və bununla bağlı əhaliyə geniş maarifləndirmə xarakterli məlumatlar verilməlidir:
"Cinayət Məcəlləsində terrorçuluq, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər fəslinə aiddir. Terrorçuluq xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Burada ictimai təhlükəsizliyi pozma, əhali arasında vahimə yaradılır. Dövlət və hakimiyyət orqanları, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qərarın onların xeyirinə qərar verilməsinə səy göstərilir. Ona görə bu cinayətləri törədənlərə kim yardım edirsə, maddi yardım göstərirsə, əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaiti və digər əmlaklar dolayısı yolla göndərilirsə, bunlar Cinayət Məcəlləsinin 214 - 1 maddəsi ilə cəlb olunurlar. Bu insanlar "TikTok"da belə hallara yol verirlərsə məsuliyyətdən yayınmırlar".

Şəmsəddin Əliyevin sözlərinə görə, həmin şəxslər könüllü olaraq müvafiq orqanlara etdiyi hərəkətlər ilə bağlı peşmançılığını bildirir və bununla əlaqədar müraciət edirlərsə, onların işlərində başqa cinayət tərkibli əməlləri yoxdursa, həmin şəxslər məsuliyyətdən azad oluna bilərlər:

"Cinayət Məcəlləsinin bu maddəsində nəzərdə tutulan və həmin əməli törədən şəxslər hakimiyyət orqanlarına vaxtında xəbər verməlidir. Belə hallar kütləvi informasiya vasitələrində bu şəkildə yayılırsa, bu da terrorçuluğa açıq şəkildə çağırışdır. Əgər həmin qruplaşmalara kömək adı altında maddi dəstək göstərirlərsə, terrorçuluq cinayətində nəzərdə tutulan əməllərin törədilməsinə açıq çağırış kimi qiymətləndirmək mümkündür. Ona görə də belə insanlar bu kimi hallara inanmamalı və yayınmalıdırlar. Çünki bu məlumatlar cəmiyyət arasında vahimə yaradır. Ona görə bunların baş verməməsi üçün həmin şəxslər zərərsizləşdirilməli və ictimai təhlükəsizliyin təmin olunmasına yönələn addımlar gücləndirilməlidir".

Əlbəttə ki, günümüzdə şəxslərin, xüsusilə gənclərin bu tip radikal qruplaşmalara qatılmasını sosial şəbəkələr ilə əlaqələndiririk. Əlbəttə ki, bu platformaların gənclər üzərində böyük bir payı var. Radikal qruplaşmalara qatılması şəxsin özünün iradəsindən də asılıdır. Müəyyən araşdırmalar onu göstərir ki, həmin radikal qruplaşmalara meyl edən insanlarda ailə faktoru və sosial mühitində bir xeyli rolu var.

Bəs bütün bunları nəzərə alsaq, hansı psixologiyada olan insanlar radikal qruplaşmanın qurbanı olur? Psixoloq Fərqanə Mehmanqızı saytımıza öz fikirlərini bölüşüb:
"Psixoloji həssas olan insanlar ən çox radikal qruplaşmaların qurbanı olur. Çünki onların özlərini təsdiq etməyə ehtiyacı var. Ailədə və cəmiyyətdə özlərini təsdiq edə bilməyən insanlar psixoloji baxımdan həssas olurlar və həmin qruplaşmalarda özlərini güclü hiss edirlər. Radikalların eşitmə və analitik qabiliyyətləri olmur. Ona görə də o qrupda özlərini təsdiq etməyə daha çox meyillənir. Belə ki, onlar eşitmirlər və ancaq ittiham edirlər. Bu gün radikal qruplaşmalar onlara qatılan insanlardan "maşa" kimi istifadə edirlər. Psixoloji həssas olan, özünəinamı aşağı və diqqət - qayğı görməyən insanlar özlərini ictimai cəmiyyətdə və ailə daxilində özlərini təsdiq edə bilməyənlər bu kateqoriya daxildir".

Sevda Səfərova

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla