AZ

“Hədəf 44 günlük müharibə və erməni separatizminin ləğvinə görə cəza tədbirlərinin tətbiq edilməsidir” - Politoloq

ABŞ Konqresinin üzvü, ermənipərəst Dina Titus Azərbaycana qarşı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiyini bildirib. O, bu barədə sosial şəbəkə hesabında yazıb. Bundan öncə Dina Titus 41 azərbaycanlı zabit, məmur və hakimin adını sanksiya siyahısına təklif edəcəyini açıqlasa da, bu dəfə 44 azərbaycanlı məmurun adını sanksiya siyahısına salınmasını təklif edib. 

Politoloq Züriyə Qarayeva Herbiand.az-a bildirib ki, ABŞ və Azərbaycan arasında əlaqələr heç vaxt birxəttli olmayıb:

“Çox zaman Vaşinqtonun ritorikasında ikili standartı, qərəzi, hadisələrə siyasi don geyindirməsi müşahidə edilir. ABŞ-da Bakıya qarşı gündəmə gələn sanksiya siyahısı da bu siyasətin tərkib hissəsidir və heç də təəccüb doğurmur. Budəfəki hesabatda insan haqqları əsas gətirilir. Bir müddət öncə isə əsrlər boyu bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşan, dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı vicdan azadlığı “dərsi” keçməyə cəhd etmişdi. Bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan bir ölkə gülünc şəkildə Azərbaycanda qanun pozuntusu axtarışındadır. Məsələnin bir maraqlı tərəfi də var. 44 rəqəmi təsadüfi seçilməyib. Rəqəmlərin simvolikası bu qərəzli sanksiya siyahısında da özünü göstərib. Demək ki, hədəf 44 günlük müharibə və Qarabağda erməni separatizminin ləğvinə görə cəza tədbirlərinin tətbiq edilməsidir.Üstəlik, sənədin müəllifi Dina Titusun erməni lobbisinin fəal üzvü olması deyilənləri təsdiq edir. Siyahıya general Hikmət Mirzəyev də daxil olmaqla, 44 günlük müharibədə və anti-terror əməliyyatında iştirak edən yüksəkrütbəli hərbçilərimizin aid edilməsi lobbi izini daha da qabartmış olur”.

Züriyə Qarayevanın sözlərinə görə, sanksiya təşəbbüsünün qəbul edilib-edilməməsindən, kimlərin təsirinin olub-olmamasından asılı olmayaraq, bu kimi addımlar qərəz və qeyri-obyektivlik göstəricisidir:

“Azərbaycan bütün ölkələrdə normal münasibətlərini qoruyub saxlayır, konstruktiv əməkdaşlıq sferası yaratmağa çalışır. Lakin qeyri-adekvat reaksiyanın göstərilməsi Bakının haqlı siyasətindən və regionda günü-gündən güclənməsindən narahatçılığın göstəricisidir. Unutmaq olmaz ki, örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçir. Supergüclərin belə bir çox məsələdə Bakı ilə hesablaşmalı olduğu çox situasiyaların şahidi olmuşuq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla