AZ

Qərb ilə Qlobal Cənub arasında etibarlı körpü - Azərbaycan

Qərb

Bakı, 29 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı kansler Olaf Şoltsla keçirilən birgə mətbuat konfransında söylənilən fikirlər göstərir ki, hər iki ölkə əməkdaşlığa xüsusi önəm verir. Son 1 il 2 ay ərzində Azərbaycan dövlətinin başçısının Almaniyaya dörd dəfə səfər etməsi, müzakirə olunan məsələlər və alınan qərarlar bunun göstəricisidir. Cənubi Qafqaz problemləri ilə yaxından maraqlanan Almaniya hökuməti Azərbaycan və Ermənistan arasında məsələlərin dinc vasitələrlə həllinə tərəfdardır, Nikol Paşinyanla birbaşa əlaqələri bu baxımdan gözəl amil hesab edir, sərhədlərin delimitasiyası və demarkasiyası işinin davam etdirilməsini istəyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib. Professor deyib ki, Almaniyanın ədalətli mövqeyi Cənubi Qafqazda sülh və əməkdaşlığın qurulmasında təsirli ola bilər.

“Prezident İlham Əliyevin belə bir fikri Azərbaycana qarşı hələ də bədxah münasibəti davam etdirən dövlətlərə xəbərdarlıqdır ki, heç vaxt işğalla barışmayan Azərbaycan xalqı və dövləti beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq ərazi bütövlüyünü hərbi-siyasi yollarla təmin edib. Həmin dövlətlər düşmənçilik siyasətlərindən əl çəkməli və Cənubi Qafqazı qarışdırımağa çalışmamalıdırlar.

Səfər göstərdi ki, Azərbaycan və Almaniya iqlim dəyişikliklərinin ağır nəticələrinin aradan qaldırılmasına töhfələrini verməyə hazırdırlar və bu sahədə əməkdaşlığın böyük potensialı var.

Ən vacib məsələlərdən biri odur ki, Almaniya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynadığını qəbul edir və buna əməkdaşlığın maddi təməllərindən biri kimi baxır. Azərbaycanın panavropa qaz təchizatçısı kimi qiymətləndirilməsi o deməkdir ki, ölkəmiz Avropa üçün vacib olduğundan əməkdaşlıq etməkdə maraqlıdır.

Səfərdən çıxarılan bir nəticə də ondan ibarətdir ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan Qərblə Qlobal Cənub arasında bütün sahələrdə, o cümlədən yaşıl enerji sahəsində körpü rolunu oynayacaq”, - deyə professor Musa Qasımlı fikrini yekunlaşdırıb.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla