AZ

ABŞ-nin 61 milyardlıq yardımı ilə bağlı RƏSMİ AÇIQLAMA: "İşğal altındakı bütün ərazilər..."

 

"Rəsmi Vaşinqtonun son hərbi yardımı Ukraynaya işğal altındakı bütün ərazilərini azad etmək üçün kifayət etməyə bilər".

 

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında qeyd olunub.

 

“Bu hərbi yardım Ukraynanın hazırda ehtiyac duyduğu yardımın yalnız bir hissəsidir. ABŞ rəsmilərindən biri bəyan edib ki, sözügedən hərbi yardımın məqsədi rəsmi Kiyevin itkilərini dayandırmaq və Ukraynaya müəyyən uğurlar əldə etməyə kömək etməkdir”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ yardımı bir az da ləngitsəydi, bu, Ukrayna üçün ciddi itkilərə və müharibənin başa çatmasına səbəb ola bilərdi:

 

“Lakin yardım Ukraynaya çatana qədər Rusiya müəyyən ərazi qazancları əldə etməyə çalışa bilər. Mümkündür ki, Ukraynanın infrastruktur obyektlərinə kütləvi hücumlar olsun. Amma yardım Ukraynaya çatandan sonra cəbhədəki vəziyyət müəyyən qədər sabitləşə bilər. Yəqin ki, Kiyev cəbhədə irəliləməyə çalışmaqla yanaşı, həm də Rusiya ərazisində xüsusi əməliyyatlar keçirməyə cəhd edəcək. Bu, müəyyən müddət üçün nəticə verə bilər. Ancaq daimi olmayacaq”.

 

Müsahibimiz bildirib ki, Ukrayna ayrılan vəsaitdən mümkün qədər uğurlu, lazım gələrsə, qənaətlə istifadə etməyi bacarmalıdır:

 

“Növbəti yardım məsələsi ABŞ-dəki prezident seçkilərinin nəticəsindən asılıdır. Nəticələrin necə olacağı isə hələ məlum deyil. Nəzərə almaq lazımdır ki, ABŞ ən kritik anda Ukraynaya yardımı təsdiqlədi. Halbuki bunu, bəlkə də, daha erkən edə bilərdi. Görünən odur ki, Vaşinqtonu düşündürən Ukraynanın taleyi yox, öz maraqlarıdır. Bu maraqlar isə ən azından hələ ki, müharibənin davam etməsini tələb edir”.

 

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Prezident Co Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.

 

Günay

Seçilən
5
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq