AZ

"Hər iki ölkə əməkdaşlığa önəm verir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı kansler Olaf Şoltsla keçirilən birgə mətbuat konfransında söylənilən fikirlər göstərir ki, hər iki ölkə əməkdaşlığa xüsusi önəm verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, son 1 il 2 ay ərzində Azərbaycan dövlət başçısının Almaniyaya dörd dəfə səfər etməsi, müzakirə edilən məsələlər və alınan qərarlar bunun göstəricilərindən biridir: "Cənubi Qafqaz problemləri ilə yaxından maraqlanan Almaniya hökuməti Azərbaycan və Ermənistan arasında məsələlərin dinc vasitələrlə həllinə tərəfdardır, Nikol Paşinyanla birbaşa əlaqələri bu baxımdan gözəl amil hesab edir, sərhədlərin delimitasiyası və demarkasiyası işinin davam etdirilməsini istəyir. Almaniyanın ədalətli mövqeyi Cənubi Qafqazda sülh və əməkdaşlığın qurulmasında təsirli ola bilər.

Prezident İlham Əliyevin belə bir fikri Azərbaycana qarşı hələ də bədxah münasibəti davam etdirən dövlətlərə xəbərdarlıqdır ki, heç vaxt işğalla barışmayan Azərbaycan xalqı və dövləti beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq ərazi bütövlüyünü hərbi-siyasi yollarla təmin edib. Həmin dövlətlər düşmənçilik siyasətlərindən əl çəkməli və Cənubi Qafqazı qarışdırmağa çalışmamalıdırlar.

Səfər göstərdi ki, Azərbaycan və Almaniya iqlim dəyişikliklərinin ağır nəticələrinin aradan qaldırılmasına töhfələrini verməyə hazırdırlar. Və bu sahədə əməkdaşlığın böyük potensialı vardır".

"Ən vacib məsələlərdən biri odur ki, Almaniya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynadığını qəbul edir və buna əməkdaşlığın maddi təməllərindən biri kimi baxır. Azərbaycanın panavropa qaz təchizatçısı kimi qiymətləndirilməsi o deməkdir ki, ölkəmiz Avropa üçün vacib olduğundan əməkdaşlıq etməkdə maraqlıdır.

Səfərdən çıxarılan bir nəticə də ondan ibarətdir ki, cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Qərblə Qlobal Cənub arasında bütün sahələrdə, o cümlədən yaşıl enerji sahəsində də körpü rolunu oynayacaqdır. Bir məsələni də qeyd edək. İndiyədək adətən Qlobal Qərb ifadəsi işlədilib. Prezident İlham Əliyev isə Qlobal Cənub dedi. Bu isə bir çox anlamları ifadə edir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
12
Mənbələr
Şərh ()
Bağla