AZ

Yay aylarında balıq yemək hansı xəstəliklərə səbəb olur? - HƏKİM AÇIQLADI

“Balıq əti yay aylarında qorxulu və təhlükəlidir. Maydan başlayaraq, adında "r" hərfi olmayan aylarda balıq yeməyin təhlükəsi ilə bağlı bir xalq deyimi də var". Bu sözləri SİA-ya həkim-terapevt Şahvələd Məmmədov deyib.

Onun sözlərinə görə, sentyabrda havalar mülayimləşdikcə balıq məhsullarının yeyilməsi problem yaratmır: “Konservləşdirilmiş formada satılan balıq məhsulları qorxulu ola bilər. Əsasən də, hisə verilmiş balıqlar qida zəhərlənməsinə gətirib çıxarır.

Eyni zamanda çox təhlükəli sayılan botulizm adlı infeksiyaya da səbəb olur. Botulinum toksinlər bədənə girir və çox ağır zəhərlənmə halları baş verir. Ona gorə də hisə verilmiş balıqları yeyərkən ehtiyatlı olmaqda fayda var”.

Həkim sözlərinə davam edərək bildirib ki, göldən, çaydan tutulmuş təzə balıqların bişirilib, hazırlanmasında problem yaranmaz: “Bəlkə də, tam bişməmiş balıqlar stafilakok mənşəli yüngül zəhərlənmələrə də yol aça bilər. Digər təhlükə mənbəyi isə şəhərimizdə bir çox yerlərdə satılan "balık ekmek"lərdir. Təbii ki, bişirmə qaydasından da çox şey asılıdır. Zəhərlənmə halları özünü diareya, ürəkbulanma, qusma əlamətləri ilə büruzə verir. Belə situasiya yarandıqda təcili surətdə mədə-bağırsağın yuyulub, təmizlənməsi lazımdır. Xəstə imalə olunsa və sistemlər köçürülsə, pasiyent özünə gələr".

Ləman Sərraf

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla