AZ

Peyvənddən kənarda qalan uşaqlarla bağlı regionlarda silsilə tədbirlər keçirilib

Avropa İttifaqının maliyyələşdirdiyi "Vaksinasiyaya Dəstək" layihəsi çərçivəsində TƏBİB Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycanda aprelin son həftəsində Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində silsilə tədbirlər keçirib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, bu ilin immunizasiya həftəsi Genişləndirilmiş İmmunizasiya Proqramının 50 illiyinə təsadüf edir. 1974-cü ildə ÜST tərəfindən başladılan bu proqram insanları vaksinlərin köməyi ilə təhlükəli xəstəliklərdən qorumaq məqsədi daşıyır.

 

Proqramın həyata keçirildiyi 50 ildə bir çox xəstəliyin qarşısının alınmasında mühüm nailiyyətlər əldə edilib. Onlara, çiçək xəstəliyinin eradikasiyası, vəhşi poliovirusun yalnız iki ölkə ilə məhdudlaşması, qızılca, məxmərək və digər xəstəliklərə yoluxma hallarının əhəmiyyətli dərəcədə qarşısının alınması və bütün bunların nəticəsi olaraq hər 1000 doğuşa düşən uşaq ölümü hallarının 1974-cü ildə 92 olduğu halda, 2024-cü ildə 25,5 hala kimi azalması daxildir.

 

23-27 aprel tarixlərində ilk olaraq Ağdaş rayonunda keçirilən kampaniya çərçivəsində yaradılmış səyyar həkim briqadaları kəndləri ziyarət edərək, peyvəndlə bağlı tərəddüdü olan valideynlərlə maarifləndirici görüşlər keçirib və peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb edib.

 

Qeyd edək ki, kampaniyadan əvvəl səyyar briqada heyətinə və onlara dəstək göstərəcək icma liderlərinə təlimlər də təşkil edilib.
Kampaniya müddəti boyunca əhaliyə uşaqların immunizasiyası və valideynlərin peyvənd tərəddüdü ilə bağlı suallarını cavablandırmaq məqsədilə hazırlanmış müxtəlif növ maarifləndirici materiallar təqdim olunub.

 

Azərbaycanda rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycan Ölkə Ofisi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik Vaksinasiyaya Dəstək layihəsini həyata keçirməyə başlayıb. Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla