AZ

İlahiyyatçı: "Həyat, ən pis şərtlər altında belə gözəldir"

Son illər ərzində intihar halları cəmiyyətdə narahatlıq yaradır. Müzakirələr zamanı məsələyə psixoloji aspektdən yanaşanlarla bərabər dinlə əlaqələndirənlər də az deyil. İntihar hallarının qarşısını almaqla bağlı təkliflərin arasında diqqətçəkən məqam intihar edən şəxslərin cənazəsi, dəfnidir. Belə ki, bir çoxlarının fikrincə, intihar edənlər üçün cənazə namazı qılınmamalı, onlar üçün yas mərasimi təşkil edilməməlidir...

 

İlahiyyatçı Əkrəm Həsənov isə Pravda.az-a açıqlamasında deyib ki, bu, doğru yanaşma deyil.  

 

Ə.Həsənovun sözlərinə görə, indiki halda intihar edənlərə də cənazə namazı qılınmalıdır: “Bütün İslam alimləri bildiriblər ki, intihar edənlər də müsəlmanlar kimi dəfn olunmalıdırlar. Onların bağışlanmaları üçün də dualar edilməlidir, çünki şəriətdə bilməzlik, yəni cəhalət üzrlü hesab olunur. İntihar edən şəxs də bilmədən, intiharın axirətdəki cəzasının böyük olmasından xəbərdar olmadan buna yol açır. Belə halda biz onu müsəlman kimi dəfn etməliyik, cənazə namazı qılmalıyıq və onun üçün dualar etməliyik ki, Allah onun günahlarını bağışlasın. Sadəcə, intihar edənlərlə digərləri arasında fərq qoyulması barədə alimlər arasında fikir ayrılığı var. Düşünürəm ki, fərq qoyulmamalıdır. Çünki o da müsəlmandır və səhv edib. Əgər fərq qoyuruqsa, onda ateist olanlara da fərq qoymalıyıq. Bu isə indiki dövrümüzdə doğru yanaşma hesab edilmir. Çünki kim olursa, olsun, bu cəmiyyət içində yaşayırsa, dünyasını dəyişəndə də ona elə bu cəmiyyətə uyğun müamilə olunmalıdır. Düzünü Allah bilir...” 

 

İlahiyyatçı intihar sözünün üzərində dayanaraq belə deyib:  “Nə şəkildə olursa, olsun, insanın özünü öldürməsinə intihar deyilir. İntihar Allahın yaratmış olduğu cana haqsız yerə qıymaqdır. Buna görə də böyük günahlardandır. İnsana canı verən Allah olduğu kimi, onu almağa səlahiyyətli olan da Odur. Bildiyimiz kimi, intihar etməyin haramlığı və axirətdəki təhlükəsi ayə və hədislərlə sabitdir. “Qurani-Kərim”də “Nisa” surəsi 29-cu ayədə Allahu-Təalə belə buyurmuşdur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” Ayədə, həqiqətən, “cana qıymaq” mənası ilə yanaşı, Allahın haram etdiklərini yerinə yetirmək, günahlara dalmaq və başqalarının mallarını haqsız yollarla yemək surəti ilə özünə zülm etmək, axirət həyatını məhv etmək mənasına da gəlir. Buna bu gün mövcud olan güclü psixi pozuntu yaradan, ağlı başdan alan dərmanları da aid etmək mümkündür. Bunu qeyd etməyi vacib hesab edirəm, bütün insanlar, xüsusilə gənclər bilməlidirlər ki, bədən Allahın insana verdiyi ən böyük əmanətdir. Bu əmanəti ruh bədəndən insanın öz müdaxiləsi olmadan ayrılana qədər qorumaq lazımdır. Bunun üçün də adamın ruhi və fiziki çətinliklərə sonuna qədər səbir göstərməsi İslamın məqsədidir. Əks halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərinin həll ediləcəyini düşünən adam gedəcəyi qəbir və daha sonra axirət həyatında çox böyük çətinlik və fəlakətlərlə qarşılaşacaq. Bunu dərk etmək lazımdır ki, həyat, ən pis şərtlər altında belə gözəldir. Çünki, ruh bədəndə qaldıqca Allahdan ümid kəsilməz. Hər gecədən sonra gündüz, hər çətinlikdən sonra bir asanlıq vardır. Qulun Allaha yönəlməsi və Ondan yardım istəməsi, çətinlik və problemlərin həllinin başlanğıc nöqtəsini təşkil edir. Uca yaradıcı umulmayan, gözlənilməyən yer və istiqamətlərdən asanlıqlar bəxş etməyə qadirdir. Çünki Onun hər şeyə gücü çatar. Ona dayanan da güc qazanar. Uca Allah insana heç vaxt gücünün çatmayacağı ağır yükü yükləməz. Bu səbəbdən insan özünü də gücü çatmayan işlərin altına salmamalı, özünü günahlarla, haramlarla yüklməməmli, hər çətinlikdən sonra mütləq bir asanlığın gələcəyinə dəqiq əmin olmalıdır”. 

 

Aytəkin Qardaşova

Tarix: 29 Aprel 2024, 09:36   
Seçilən
41
50
Mənbələr
Şərh ()
Bağla