AZ

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb

Roma, 29 aprel, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfər çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, paytaxt Romada baş tutan görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fuad Muradov geniş hesabatla çıxış edib, komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, Koordinasiya Şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri haqqında məlumat verib. O, azərbaycançılıq ideologiyasına xas cəhətlərin, milli kimliyin qorunmasının önəmini vurğulayıb, bu istiqamətdə dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb. Fuad Muradov Azərbaycan həqiqətlərinin təbliğ olunmasında fəal iştirakına görə İtaliyadakı Azərbaycan icmasına təşəkkür edib.

Sonra komitə sədri İtaliyada yaşayan soydaşlarımızın suallarını cavablandırıb.

Tədbirdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfirliyinin əməkdaşları iştirak ediblər, soydaşlarımızın sualları cavablandırılıb.

Daha sonra Milandakı İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, “Eurasiaticanews”un təsisçisi və direktoru Karlo Marinoya, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanova və icma üzvü Lalə Zeynalovaya “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı, Azərbaycan icmasının fəal üzvlərinə isə komitənin təşəkkürnamələri təqdim olunub.

Görüşdə İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının ötən müddət ərzində görüldüyü işlərlə bağlı hesabat xarakterli məruzəsi dinlənilib. Koordinasiya Şurasının Roma üzrə koordinatoru Fərid Abbasov və Venesiya üzrə koordinator Türkan Həsənova məruzə ilə çıxış ediblər.

Sonda İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatorlarının və Azərbaycan İtaliya Gənclər Assosiasiyası sədrinin seçkisi olub. Aynur Aşurova (Roma), Fidan Abdullazadə (Milan), Aysel Şəbiyeva (Malta) Azərbaycanlıların Koordinasiya Şurasının koordinatorları, Kərim İsmayılov (Roma) isə assosiasiya sədri seçilib. Yeni koordinatorlar və assosiasiya sədri çıxışlarında göstərilən etimada görə təşəkkür edib, gələcək fəaliyyətləri barədə danışıblar.

Qeyd edək ki, hazırda 15 ölkədə 29 Azərbaycan Evi və 36 ölkəni əhatə edən 15 Azərbaycanlıların Koordinasiya Şurası fəaliyyət göstərir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
92
1
Mənbələr
Şərh ()
Bağla