AZ

Neft-qaza tələbat hələ uzun müddət davam edəcək – Qətərin dövlət naziri

Bəzi hökumətlərin qalıq yanacaqlardan istifadəni dayandırmaq səylərinə baxmayaraq, karbohidrogenlərə yüksək tələbat uzun müddət davam edəcək.

Musavat.com xəbər verir ki, bunu QatarEnergy-nin baş direktoru, Qətərin energetika üzrə dövlət naziri Saad bin Şəridə əl-Kaabi deyib.

Onun Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında dediyinə görə, neft və qaza tələbat çox uzun müddət davam edəcək: “Külək və günəş elektrik stansiyalarının istehsal edə bilmədiyi neft-kimya məhsullarına ehtiyacımız var. Biz çox uzun müddət neft-kimya zavodlarından istifadə etməli olacağıq. Bizə iqtisadi artımı təmin edəcək enerjinin istehsalı üçün qaz lazımdır”.

O, həmçinin karbohidrogenlərin "demonizasiyasına" son qoymağa çağıraraq əksər inkişaf etməkdə olan iqtisadiyyatların qalıq yanacaqlardan asılı olduğu bir vaxtda enerji keçidinin zəruriliyində israr edən hökumətləri tənqid edib: "Bir çox hökumətlər yaşıl təşəbbüslər haqqında danışır, amma əslində onlar üçün pul ödəmirlər. Sonunda bütün bu yaşıl təşəbbüslər üçün pulu istehlakçılar ödəyir”.

Qətər ixracı ölkə iqtisadiyyatının əsasını təşkil edən təbii qaz ehtiyatlarına görə ilk üç ölkədən biridir. Son iki ildə QatarEnergy Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Hollandiya və Fransa ilə bir neçə uzunmüddətli mayeləşdirilmiş təbii qaz tədarükü müqavilələri bağlayıb.

 

Musavat.com

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla