AZ

Miodraq Bojoviç: “Qolları vaxtında vurduq”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 32-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı başladıq. Bilirdik ki, “Turan Tovuz”un çox yaxşı məşqçisi var və meydanda nə etmək istədiklərini bilirlər. Bu komandanın hədiyyə olmadığını anlayırdıq. Onların öz oyun üslubu var. Təkbətək mübarizələrə çox girirlər. Bu mənada, Yuri Matias və Höccət Haqverdi çox yaxşı iş gördülər, rəqib futbolçularla yaxşı mübarizə apardılar. Qolları vaxtında vurduq. Qırmızı vərəqədən sonra isə oyunu sona çatdırmaq asan idi. Futbolçulara bu istəyə və oyuna görə təşəkkür edirəm. Sevinirik, çünki azarkeşlər stadiona qayıdıblar”.

Miodraq Bojoviç növbəti turda qarşılaşacaqları “Qarabağ”la oyuna da toxunub: “Həftə ərzində işləyəcəyik. Çalışacağıq ki, qarşıdakı oyunda da uğur qazanaq”.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi. Mövsümün sonu gəldikdə, gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır. “Neftçi” bizə ustalıq sayəsində qalib gəldi. Buraxdığımız qollar istəmədiyimiz dəqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq, hücumlar edirdik, topa sahib idik. “Neftçi” ilk imkandan istifadə etdi, daha sonra penalti qərarı… Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyin həll etdi. 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətin idi.

Son oyunlarda istəmədiyimiz zədələr oldu. Amma problemlərdən danışmaq istəmirəm, bəhanə kimi çıxar. “Sumqayıt”la matçda da itkilərimiz var idi, dayaq yarımmüdafiəçimiz yox idi. Bunlar da bizim üçün imtahan oldu ki, heyəti geniş tutmaq lazımdır. Mövsüm boyu yaxşı oyunlarımız da olur, səhvlərimiz də. İki oyundur ki, müdafiədə kobud fərdi səhvlər edirik. Bu da bizə baha başa gəlir.

Növbəti oyunlarda xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik”.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla