AZ

“Məğlub olmuşuqsa, ilk növbədə özümüzdə günah axtarmalıyıq“

Misli premyer-liqasının 32-ci turunda “Turan-Tovuz” “Neftçi”yə 0:3 hesabıyla məğlub olub.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra qərblilərin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi. Mövsümün sonu gəldikdə, gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır. "Neftçi" bizə ustalıq sayəsində qalib gəldi. Buraxdığımız qollar istəmədiyimiz dəqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq, hücumlar edirdik, topa sahib idik. "Neftçi" birinci imkandan istifadə etdi, daha sonra penalti qərarı... Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyini həll etdi. 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik".


- "Turan Tovuz" daha çox müdafiədə intizamlı oyunu ilə diqqət çəksə də, həm ötən turdakı "Sumqayıt", həm də "Neftçi" ilə görüşdə müdafiənizdə xaos sezilirdi. Bu nə ilə bağlı idi?
- Son oyunlarda istəmədiyimiz zədələr oldu. Amma problemlərdən danışmaq istəmirəm, bəhanə kimi çıxar. "Sumqayıt"la matçda da itkilərimiz var idi, dayaq yarımmüdafiəçimiz olmadı. Bunlar da bizim üçün imtahan oldu ki, heyəti geniş tutmaq lazımdı. Mövsüm boyu yaxşı oyunlarımız, səhvlərimiz də olur. İki oyundur ki, müdafiədə kobud fərdi səhvlər edirik. Bu da bizə baha başa gəldi.

- Azarkeşlər bir çox epizodlara görə etiraz edirdi. Sizcə, "Turan Tovuz" öz səhvlərindən uduzdu, yoxsa hakim səhvlərinə görə?
- Məğlub olmuşuqsa, ilk növbədə özümüzdə günah axtarmalıyıq. Birinci və ikinci dövrədə bizə qarşı bundan da böyük səhvlər olmuşdu. Bu gün bu haqda danışmayaq. Gələcəyə baxmaq lazımdı. Sadəcə elə qırmızı vərəqə almaq olmaz.
Seçilən
68
Mənbələr
Şərh ()
Bağla