AZ

İrpendə “Azərbaycan Günü” keçirilib

Şəhər meri göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib

İrpen, 28 aprel, AZƏRTAC

Aprelin 28-də - Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü günündə Ukraynanın İrpen şəhərində “Azərbaycan Günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi və İrpen şəhər meriyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan Günü”ndə xarici ölkələrin diplomatları, Ali Radanın deputatları, yerli icra qurumlarının nümayəndələri, diaspor fəalları, şəhər sakinləri iştirak ediblər.

İştirakçılar əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzüb, görkəmli oftalmoloqun adını daşıyan parkda Azərbaycana aid rəsm sərgisinə baxış keçirilib.

Sonra “Azərbaycan Günü” ilə bağlı tədbirin rəsmi açılışı olub, Azərbaycan və Ukraynanın Dövlət himnləri səslənib.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, “Azərbaycan Günü”nün İrpendə qeyd olunması Azərbaycan və İrpen arasında uzun illər ərzində mövcud olan ənənəvi möhkəm əlaqələrin bariz sübutudur. İrpen Azərbaycan və Ukrayna arasında regionlararası əməkdaşlığın möhkəmləndirilməsində mühüm tərəfdaşa çevrilib. Bu şəhər həm də İrpen və Azərbaycan arasında mədəni əlaqələrin qorunub saxlanmasına və dərinləşməsinə öz dəyərli payını verən güclü Azərbaycan cəmiyyətinin vətənidir.

“Azərbaycan Günü”nün görkəmli oftalmoloq alim, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə təsadüf etməsi də rəmzidir. Bu gün biz Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında böyük xidmətləri olan Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla yad edirik. Zərifə xanımın irsini qoruyan və təbliğ edən şəhərdə belə tədbir keçirmək şərəfdir”, - deyə səfir bildirib.

Seymur Mərdəliyev qeyd edib ki, Ukraynada müharibənin ilk günlərindən Azərbaycan bu ölkəyə humanitar yardım göstərir. Hazırda Azərbaycanın Ukraynaya humanitar yardımının həcmi 34,5 milyon ABŞ dollarına çatıb.

Göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirən İrpen şəhər meri Oleksandr Markuşin isə çıxışında bildirib ki, İrpendə “Azərbaycan Günü”nün keçirilməsi təsadüfi deyil. Çünki bu şəhərdə Azərbaycana aid çox izlər var. İrpen azərbaycanlıların doğma şəhərinə çevrilib. Bu əlaqələr getdikcə güclənəcək.

“Bu ağır günlərdə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan bir daha Ukraynanın dostu olduğunu göstərdi”, - deyə mer əlavə edib.

İrpendə akademik Zərifə Əliyeva adına 12 saylı “Linqivist” liseyin direktoru Valentina Antonenko və digərləri Azərbaycanın göstərdiyi dəstək barədə danışıblar.

Daha sonra İrpen meri səfir Seymur Mərdəliyevi, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədovu və müavini Həzi Aslanovu diplomla təltif edib.

Tədbir konsertlə davam edib. Konsertdə Azərbaycanın xalq mahnıları da ifa olunub. Gün ərazində insanlar İrpenin mərkəzi parkında yaradılan Azərbaycan guşələri ilə tanış olub, milli mətbəximizin təamlarından dadıblar.

Ukrayna Ali Radasının deputatı Andrey Kloçko AZƏRTAC-a açıqlamasında Azərbaycan xalqını “Azərbaycan Günü” münasibətilə təbrik edib. “Öz adımdan və Ukrayna xalqı adından ölkəmizin, o cümlədən İrpenin bərpasında göstərdiyi köməyə görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkür edirəm. İnanıram ki, Azərbaycan və Ukrayna arasında dostuq münasibətləri daha da güclənəcək. İki ölkə arasında dost münasibətlər dünya ölkələri üçün də faydalı olacaq”, - deyə ukraynalı deputat vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

İrpen

Seçilən
37
7
Mənbələr
Şərh ()
Bağla