AZ

Kannavaronun debütü uğursuz alındı - TURUN İCMALI

Aprelin 25-də A seriyasında 32-ci turun yarımçıq qalan oyunu sona çatdırıldı.

“Football-plus.az” xəbər verir ki, aprelin 14-də keçirilən “Udineze” – “Roma” matçı qonaqların oyunçusu Ndikanın səhhətində yaranan problemə görə 73-cü dəqiqədə dayandırılmışdı. Buna qədər ev sahiblərinin yarımmüdafiəçisi Pereyra ilk hissədə hesabı açmış, qonaqların hücumçusu Lukaku isə fasilədən sonra cavab qolunu vurmuşdu. Qeyd edək ki, reqlamentə görə, belə hallarda matç dayandırıldığı dəqiqədən davam etdirilir. Yerli liqanın digər qaydasına əsasən, yarımçıq qalan oyundan təxminən iki həftə keçdiyi üçün komandalar meydana fərqli heyətlə çıxmaq hüququna malik idilər. Bu baxımdan “Roma”nı çalışdıran Daniele De Rossi həmkarı ilə müqayisədə heyətdə daha çox – 6 dəyişiklik etməyi lazım bilmişdi. Yeri gəlmişkən, “Udineze” bu dəfə meydana yeni çalışdırıcının başçılığı altında çıxdı. Komandanın baş məşqçisi Qabriel Koffi bazar ertəsi uğursuz nəticələrə görə işdən azad edilmiş, onun yerinə Fabio Kannavaro təyinat almışdı. Klubla müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayan 50 yaşlı mütəxəssisin “Udineze”dəki debütü uğursuz alındı. Meydana daha istəkli çıxan “Roma”nın qələbə üçün cəhdləri son saniyələrdə bəhrə verdi: Kristante Dibalanın ötürməsi ilə qələbə qolunu vurdu. Bu nəticə De Rossinin komandasına Çempionlar Liqasına vəsiqə verən 5-ci yerdə möhkəmlənmək şansı verdi. Hazırda A seriyasında 17-ci yerdə olan “Udineze” isə hələ də B seriyasına düşə biləcək komandalar sırasındadı.

32-ci turun yarımçıq qalan oyunu
Udineze – Roma 1:2
Pereyra, 23 – Lukaku, 64. Kristante, 90+5. (24947)
Roma: Svilar, Ndika (Mançini, 73), Lyorente (Smollinq, 73), Höysen (Karsdorp, 53/ Əl-Şaaravi, 90+4), Anxelinyo, Auar (Dibala, 53), Paredes (Lorentso Pelleqrini, 73), Kristante, Zalevski (Spinatsola, 73), Baldantsi (Azmun, 73), Lukaku (Abraham, 73).
1. İnter – 86... 5. Roma – 58... 17. Udineze – 28...
Bombardir: Lautaro Martines (İnter) - 23.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla