AZ

Erik ten Haq: “Markus Raşford mövsümdə 25-30 qol vura bilər”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın hücumçusu Markus Raşfordun qolçuluq imkanından danışıb.

Arena.az niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Fikrimcə, Markus Raşford bir mövsümdə 25-35 qol vurmağa qadirdir. Bunun üçün onun hər şeyi var, mən buna yüz faiz əminəm. Başqa bir şey odur ki, o, tez-tez topla həddindən artıq oynayır. Mövsümün ilk yarısında hücum oyununda fəsadlar yaşadıq və o, bunun komandadakı çıxışı ilə bağlı olduğunu anladı. Bu barədə danışdıq və qışdan bəri hücum oyunumuz xeyli yaxşılaşıb”, deyə Erik ten Haq bildirib.

Qeyd edək ki, Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun bu klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb. O, bu oyunlarda 8 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Markusun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 399 oyun, 131 qol və 64 məhsuldar ötürmə.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla