AZ

Deputat: "Onların xəyanəti Azərbaycanın inkişafına, Prezidentin nüfuzuna heç bir təsir göstərə bilməz"

"Azərbaycan 2020-ci ildə torpaqlarını azad etməklə, 2023-ci ilin sentyabrında keçirdiyi anti-terror tədbiri və bir çox uğurları ilə yüz illərlə müstəqil və dövlətçilik ənənəsi olan ölkələri geridə qoydu, tarixi qələbələr qazandı. Hazırda dünyada dondurulmuş münaqişələr fonunda, müharibələr, təhlükələr, terror təhdidlərinin fövqəl etdiyi bir dövrdə ölkəmizin müstəqil formada inkişafı, beynəlxalq platformalara ev sahibliyi etməsi, ölkə Prezidentimizin qlobal liderlər sırasında olması, bütün dünya liderləri tərəfindən böyük hörmət, ehtiramla qarşılanması, qəbul edilməsi qürur mənbəyimizdir. Təəssüf ki, bunu gözü götürməyən qüvvələr isə kifayət qədərdir. Bu uğuru həzm etməyənlər müxtəlif təsir vasitələri ilə Azərbaycana təzyiq göstərməyə çalışırlar".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

"ABŞ-nin mövqeyi göz önündədir. Avropa İttifaqı, Avropa Parlamenti, digər böyük təşkilatlar, beynəlxalq qurumlar qarayaxma, gözdənsalma kampaniyasına cəhd göstərirlər. Uğurla irəlilədiyimiz bu yolda bizə heç bir qüvvə təzyiq göstərə bilmir. Ölkə Prezidentinin düşünülmüş, ağıllı, müdrik, hesablanmış, zərrə dəqiqliyi ilə aparılan uğurlu xarici siyasəti dediklərimizə bariz nümunədir. Qara kölgədə qalan qurumlar, qüvvələr həm ölkə daxilində "5-ci kolon"dan istifadə etmək istəyir, həm də ölkəni sevməyən, satılmağa hazır olan insanlardan. Yeni deyil, illərlə bu hal mövcud olub, yəqin ki, olacaq. Almaniyada ölkə Prezidentinin təntənəli qarşılanması, Azərbaycana olan hörmət, ehtiram bütün dünyanın diqqət mərkəzindədir. Verilən bəyanatlar, COP29 hazırlığı, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinə münasibət həm də Azərbaycana olan etibar, etimaddır, uğurlarına müsbət yanaşmadır. İnanırıq ki, rəsmi Bakı bütün tədbirlər kimi COP29-u da uğurla keçirəcək. Bütün dünyada buna əminlik var. Əks qüvvələrin buna da kölgə salmağa cəhd etməsi əbəsdir. Düşünülmüş, ölkə vətəndaşlarımızın rifahı üçün hesablanmış, miqyası ölçüyəgəlməz işlərin fonunda belə hərəkətlər, cılız münasibətlər okeanda bir damla kimi belə görünmür. İdeya böyük olanda və gələcəyə hesablananda, milyonlarla insanın taleyi ilə əlaqəli məsələ olanda bir neçə nəfərin xəyanəti, yanaşması, mövqeyi görünmür. Bu, Azərbaycanın inkişafına, Prezidentin nüfuzuna heç bir təsir göstərə bilməz. Əslində, heç müzakirə mövzusu da ola bilməz. 10 milyon yox, 50 milyonluq Azərbaycanın lideri olan İlham Əliyev milyonlarla insan tərəfindən sevilir, lider kimi qəbul edilir. Adını təkcə Azərbaycanın yox, hətta dünya liderlərinin siyahısına qızıl hərflərlə yazdıran İlham Əliyev bu gün yaratdığı, qurduğu, inkişaf etdirdiyi Azərbaycanın gücünü xalqdan alır. Bu uğurları xalqla birlikdə işıqlı gələcəyə doğru aparmağa gücü-qüdrəti var. Xalq öz liderini dəstəkləyir, onu sevir. Hər birimiz öz rolumuzu unutmadan ölkənin inkişafına öz töhfəmizi verməliyik", - deputat bildirib.

 

Qeyd: Prezident İlham Əliyev Almaniyada səfərdə olarkən bir qrup şəxs təxribat törətməyə cəhd edib. Buna cavab olaraq, orada yaşayan azərbaycanlılar Prezidentə dəstək aksiyası keçiriblər. 

 

Aytəkin Qardaşova

Tarix: 28 Aprel 2024, 14:24   
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla