AZ

Harri Keyn yeni rekorda imza atdı - Mükafat alacaq

Bundesliqanın 31-ci turunda Frankfurt “Ayntraxt”ı ilə ev oyunu (2:1) “Bayern”in mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, ingilis futbolçu bu oyunda qol vurmaqla, cari mövsümdə Bundesliqada vurduğu qolların sayını 35-ə çatdırıb.

Beləliklə, Keynə bu 35 qolu vurmaq üçün ən az – 31 oyun gərək olub ki, müvafiq nəticə də Bundesliqanın mütləq rekordudur. Keynə qədər heç bir futbolçu müvafiq nəticəyə belə tez nail ola bilməyib.

Yeri gəlmişkən, Keyn cari mövsümdə sərgilədiyi yüksək məhsuldarlığı müqabilində mükafat alacaq.

Bu barədə “Bild” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, mükafat 250 min avro məbləğindədir.

Keynin müqaviləsində mövsüm ərzində bütün yarışlarda 40-dan çox səmərəli nailiyyət əldə edəcəyi halda, göstərilmiş məbləği alacağı haqda xüsusi maddə var. Keyn bu günə qədər “Bayern”in heyətində bütün yarışlarda 42 oyunda iştirak edib, 42 qol vurub və 13 məhsuldar ötürmə verib.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla