AZ

“Çempionluq şansımız çox azdı, yəni 10-15 faiz” – “hərbçilər” etiraf etdi

Mövsümün əvvəlindən 1-ci liqanın lider komandalarından sayılan MOİK-in çempionluğu artıq real görünmür.

“Hərbçilər” lider “Qaradağ Lökbatan”dan artıq 7 xal geri qalır. “Football-plus.az” elə liderlə son turda heç-heçə (1:1) bitən oyun və başqa məsələlər ətrafında MOİK-in baş məşqçisi Qəzənfər Abbasovla danışdıq:

“Qaradağ Lökbatan”la oyunda qələbəyə fokuslanmışdıq, sadəcə, alınmadı. Qol epizodlarımız da az deyildi. Fəqət hamısından yararlana bilmədik. Doğrudu, rəqabət o həddədi ki, şanslarımız çox azdı. Yəni liderlə aradakı 7 xal fərqi işimizi çətinə salır. Artıq mövsümün bitməsinə cəmi 4 tur qalıb. Bu qarşılaşmaların hər birində qələbə qazanmağa çalışacaq, rəqiblərimizin də xal itirməsini gözləyəcəyik. Başqa şansımız yoxdu, reallıqla barışmalıyıq. Amma nə olur-olsun, sona qədər mübarizə aparacağıq. “Qaradağ Lökbatan” üzərində qələbə qazansaydıq bu gün şansımız daha çox olardı. Cari mövsümdə üç dəfə qarşılaşmışıq və hər biri bərabərliklə yekunlaşıb. Qeyd etdiyim kimi, çempionluq şansımız çox azdı, yəni 10-15 faiz. Amma var. Ümidimizi üzməmişik”.


Bilindiyi kimi, MOİK-in növbəti mövsümdən etibarən Xankəndini təmsil edəcəyini haqda xəbərlər də aktualdı. Qəzənfər bəyin buna reaksiyasını da öyrəndim:
“Xankəndi ilə bağlı hələ ki heç nə deyilməyib. Mən də bunu mətbuatdan eşidirəm. Əslində bu mövzu haqqında fikir bildirməyim də doğru deyil. Çünki belə məsələlər barədə rəhbərlik qərar verir. Mən məşqçiyəm, sadəcə, komandamın oyunu haqda fikir bildirə bilərəm. Xankəndi tarixi torpağımızdı. Elə yerdə klub məşqçisi kimi çalışmaq mənim üçün şərəfdi. Bununla mən yalnız qürur duyaram.Nəinki mənim, ölkədəki bir çox çalışdırıcının arzusudu”.


KAMAL SƏFƏR
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla