AZ

Rusiyada növbəti narazılıq: 17 mindən çox insan Putinin sevimli filosofunun əleyhinə səs verib

Rusiyada

Kreml XX əsrin görkəmli filosofu və rus millətçisi İvan İlinin adının tədris müəssisəsindən götürülməsinin müzakirəsindən imtina edib.

Reyting.az
xatırladır ki, vaxtilə Rusiya prezidenti Vladimir Putin Hitleri və Mussolinini dəstəkləyən fikirləri ilə tanınmış, zamanında çevrilişlə hakimiyyəti ələ keçirən bolşeviklərə qarşı savaşan Ağ Qvardiya Hərəkatına dəstək verən, həm də dünya rejimlərini kommunizmlə qəti mübarizəyə səsləyən filosof İvan İlini özünün ən yaxın mütəfəkkir adlandırıb.

İndi isə Kreml bu məsələlərdə siyasi avantüraya getmək istəmədiyindən ehtiyatlılıq, həm də tərəfsizlik mövqeyi nümayiş etdirməyi qərara alıb.


Aleksandr Duqin

Rusiyada imperialist tezislərinin müəllifi kimi tanınan və Putinin mənəvi müəllimi, həmçinin Rusiyanın ideoloji atası kimi qəbul edilən filosof Aleksandr Duqinin rəhbərlik etdiyi Rusiya Dövlət HumanitarUniversitetində rusiyalı filosof İvan İlinin adına Ali Siyasi Məktəbin yaradılması ilə bağlı müzakirələrdə tərəf olmadan, belə bir müzakirədə iştirakdan imtina etmiş Kreml bir qədər əvvəl bununla bağlı kiçik açıqlama yayıb.

Bu məsələ barədə televiziyaya danışan tanınmış jurnalist, teleaparıcı Kseniya Sobçakın müəllifi olduğu məhşur “Diqqət Media” layihəsinə məlumat verən Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskov təsdiq edib ki, Kremlin tərəf kimi mövqe bildirmək fikri yoxdur.


Dimitri Peskov

Dimitri Peskov deyib ki, bu müzakirənin bir hissəsi olmaq istəmirlər: “Prezident dəfələrlə İvan İlindən sitat gətirib, lakin biz istənilən halda Duqinə qarşı edilən bu təhqirləri qəbuledilməz hesab edirik”.

Qeyd edək ki, Rusiyada İvan İlin adına Ali Siyasi Məktəb 2023-cü ilin iyul ayından, Dövlət Humanitar Elmlər Universitetinin nəzdində yaradılıb. O zaman bu məktəbin təsis edilməsinə universitetin tələbələri etiraz edib, 2024-cü ilin aprelindən petisiyaya başlayıblar. Burada oxuyan universitet tələbələri bu ünlü elm ocağına İlinin adının verilməsinin əleyhinə çağırış ediblər. Dinc etirazlar hələ də davam edir.

Ali Siyasi Məktəbdən nasist xidmətçisinin adının götürülməsi tələbi ilə irəli sürülən petisiya sənədini bu günədək 17 mindən çox insan imzalayıb. Bu Siyasi Məktəbin adının dəyişdirilməsi tələbi ilə Rusiyanın Dövlət Humanitar Elmlər Universitetinə məktub yazan, belə bir addımın atılmasına etiraz edən Rusiya Kommunist Partiyasından olan və Rusiya Dövlət Dumasının deputatı kimi Dumada yerli kommunistləri təmsil edən siyasətçi Denis Parfenov da bu məsələ ilə bağlı çox sərt danışıb.


Denis Parfenov

Onun söylədiklərini öz əsaslı mülahizələri və faktlarla müdafiə edən digər kommunist, Dövlət Dumasının deputatı Vladimir İsakov Təhsil Nazirliyindən, həm də prokurorluqdan Rusiya Federasiyası Dövlət Humanitar Elmlər Universitetində İvan İlin adına məktəbin yaradılmasının qanuniliyini yoxlamağı tələb edib. Deputat qeyd edib ki, sözügedən rusiyalı filosof özünü açıq şəkildə faşist adlandırmaqla Adolf Hitlerin hakimiyyətə gəlməsini də alqışlayıb.

Deputatın sözlərinə görə İ. İlin hətta qanlı diktator Benito Mussolininin İtaliyadakı siyasətini bəyəndiyini heç vaxt gizlətməyib.

V. İsakov İ. İlinin fikirlərini izahını verib və bildirib ki, onun yazdıqları əslində Rusiya Cinayət Məcəlləsinin “Nasizmin reabilitasiyası” maddəsinə aiddir.

Rusiya Dövlət Humanitar Universitetinin rektoru Aleksandr Bezborodov da sükutu pozub və qalmaqal yaradan bu məsələyə öz münasibətini bildirib. Rektor deyib ki, təhsil mərkəzinin adının dəyişdirilməsini tələb edən tələbələr yanlış yoldadır və onlar belə etirazları ilə “Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə” hərəkət ediblər.


Aleksandr Bezborodov

Məsələyə qəzəblə münasibət bildirən rus filosofu, ideoloq Aleksandr Duqin bildirib ki, onun rəhbərlik etdiyi bu təhsil və elm mərkəzinə qarşı kampaniyanı düşmənlər, “məni öldürmək istəyən, Daşanı (qızını nəzrdə tutur-red.) öldürən eyni qüvvələr” aparırlar.

Rusiya prezidenti Putin böyük mütəfəkkir hesab etdiyi və dəfələrlə sitat gətirdiyi İlin haqqında deyib ki, bu şəxs onun siyasi, ideoloji düşüncələrini formalaşdıran, ona ən yaxın filosoflardan biridir.

Məlumat üçün bildirək ki, rus filosofu və siyasi-ictimai xadim, yazıçı-publisist İ. İlin həm də pedoqoji fəaliyyətlə məşğul olub. Professor İlin Rusiyada olduğu kimi mühacirətdə öz əsərləri ilə tanınıb. İ. İlin elmlər doktoru və professor elmi adını alıb. Filosof ona olan təhdid və hədələrdən sonra Avropadan İsveçrəyə köçüb.

İ. İlin həm də Rusiyanın tarixində Ağ Hərəkatının nümayəndəsi, eləcə də rus tarixində ilk dəfə Rusiya Ümumi Hərbi Birliyinin ideoloqu kimi tanınıb. Siyasi və ictimai xadim İlinin başlıca siyasi fəaliyyəti imperiya taxt-tacını devirərək çarın hakimiyyətini qəsb etmiş, "Alman casusu" adlandırdığı Leninin, bolşeviklər qaragüruhunun əsl əməllərini izah etmək idi. Çevriliş yolu ilə və Rusiyada fəhlələrə, kəndlilərə yalan vədlər verməklə ədaləti bərqərar edəcəklərinə söz verən əliqanlı, cinayətkar kommunistlərin hakimiyyətə gəlişindən sonra onların ideya və məramları ilə barışmayan İ. İlin ömrünün sonuna qədər kommunist rejiminin əleyhinə sərt mübarizə aparıb. İlin bolşevik hakimiyyətinin ardıcıl tənqidçisi və kommunizmlə barışmazlıq prinsipinin ən qatı tərəfdarı olub.

Qeyd edək ki, İ. İlin 1954-cü ilin 21 dekabrında, 71 yaşında İsveçrədə vəfat edib.

Oqtay QORÇU
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla