AZ

"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"

"Qisas strategiya deyil, İsrail altı aydan çoxdur ki, ağılsız davranır..."
 
"Diqqətini Səudiyyə Ərəbistanı ilə münasibətlərə yönəlt, burada uğura zəmanət yoxdur, lakin sənin vəd etdiyin qələbəyə də zəmanət yoxdur..."
 
İsrail və onun baş naziri Binyamin Netanyahu "öz həyatlarında ən taleyüklü seçim qarşısındadır".
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzetinin ABŞ prezidentinə yaxın olan jurnalisti Tomas Fridman aprelin 27-də dərc edilən məqaləsində iddia edib. Məlumatı "vesty.co.il" nəşri yayıb.
 
Söhbət HƏMAS-a qarşı əməliyyatla Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması arasında seçimdən gedir.
 
Fridmanın iddiasına görə, Rafahda əməliyyatın HƏMAS-ın məhvinə gətirəcəyinə heç bir inam yoxdur, lakin əgər Netanyahu hər halda bu yolu seçərsə, o, İsrailin bütün dünyada təcrid edilməsini gücləndirəcək və Bayden administrasiyası ilə münasibətlərdə böhrana səbəb olacaq.
 
Digər tərəfdən, əgər Netanyahu Rafahda əməliyyat əvəzinə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması barəsə saziş bağlayarsa, bu, ABŞ başda olmaqla İrana qarşı regional ittifaqın yaradılmasına yol açacaq.
 
Lakin bu sazişin bədəli var. İsrail Fələstin dövlətinin yaradılmasına və bu istiqamətdə real addımlar atmağa razı olmalıdır.
 
Xatırladaq ki, ABŞ lap əvvəldən İsrail Müdafiə Ordusunun Rafahda əməliyyatına qarşı olub. Bəzi amerikalı mənbələr hətta iddia edib ki, ABŞ öz silahından bu məqsədlə istifadə etməyi İsrailə qadağan edə bilər.
 
Fridman daha sonra yazır ki, ərəb dünyasının mülayim liderləri bir neçə həftə ərzində Qəzza bölgəsinin dinc vətəndaşlarına zərər vurmadan HƏMAS-ın məhv edilməsinə dəstək verib.
 
Lakin indi, müharibənin uzandığı bir zamanda İsrailin hərəkətləri dinc sakinlərin qətlinə, Əl-Qaidə və İslam dövlətinin dəstəyinin artmasına, İranın və müttəfiqlərinin güclənməsinə və səudiyyəlilərin münasibətlərin normallaşdırılması ilə bağlı fikrinin dəyişməsinə gətirib çıxarır".
 
"Qisas strategiya deyil. İsrail altı aydan çoxdur ki, ağılsız davranır, - Fridman yazır. - Hər iki seçim - Rafaha daxil olmaq və səudiyyələrlə saziş bağlamaq asan deyil, bir çox israilliyə bunu dəyərləndirmək asan deyil, lakin liderlər məhz Ər-Riyaddan keçən yolun Rafahdan keçən dalan yoldan daha çox fayda gətirəcəyini izah etmək üçün mövcuddur".
 
Fridman məqaləsinin sonunda Netanyahuya çağırış edib: "Bütün girovların azad edilməsi müqabilində müharibəni dayandırmağa razılaş və diqqətini Səudiyyə Ərəbistanı ilə münasibətlərə yönəlt. Bu yola ABŞ, Səudiyyə Ərəbistanl, Misir və digər ölkələr dəstək verir. Burada uğura zəmanət yoxdur, lakin sənin vəd etdiyin qələbəyə də zəmanət yoxdur".
 
Bu arada isə İsrail Müdafiə Ordusu Rafahda hərbi əməliyyata hazırlıq çərçivəsində İsrailin cənubunda onlarla tank və zirehli transportyorlar cəmləşdirib. İsrail iddia edir ki, əməliyyatın başlanma tarixi artıq bəllidir.
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla