AZ

“Liverpul”da qalmaqal: Salah Kloppla “atışdı”

Premyer Liqanın 35-ci turunda “Vest Hem”ə qarşı səfər oyununda (2:2) “Liverpul”un düşərgəsində xoşagəlməz hadisə yaşanıb.

Arena.az məlumat verir ki, sözügedən komandanın misirli ulduzu, hücumçu Məhəmməd Salah oyunun 82-ci dəqiqəsində əvəzetmədən meydana daxil olmaq istəyərkən, “qırmızılar”ın baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp ilə söz atışmasına çıxıb.

Salahı onun yanında dayanmış və həm də əvəzedici kimi meydana çıxmağa hazırlaşan Darvin Nunyes və Co Qomes sakitləşdiriblər.

Oyundan sonra Salahın bu xoşagəlməz hadisəyə dair qısa açıqlama verib və ətraflı danışmaqdan imtina edib:

“Bu gün səsimi çıxarsam, yanğın olar”, deyə misirli ulduz bildirib.

Öz növbəsində Yurgen Klopun da hadisə haqda açıqlaması ictimailəşib:

“Deyilənləri açıqlaya bilərəmmi? Xeyr, amma paltardəyişmə otağında artıq bu haqda danışmışıq. Hər şey arxada qaldı”, – BBC alman mütəxəssisdən sitat gətirir.

Bu biabırçılıq mənzərəsində oyuna gəlincə, 2:2 hesablı səfər heç-heçəsi ilə “Liverpul”un çempionluq mübarizəsindən qopduğunu təxmin etmək olar. 35 turdan sonra “qırmızılar” 75 xalla Premyer Liqanın yarış cədvəlində 3-cü pillədə qərarlaşıblar. “Vest Hem” 49 xalla 8-ci pillədədir.

Premyer Liqanın şərti lideri 34 oyundan 77 xal toplamış “Arsenal”dır. 33 oyundan 76 xal toplamış “Mançester Siti” 2-ci pillədə qərarlaşıb və Premyer Liqanın mümkün lideridir.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla