AZ

Samuel Tetteh və Ülvi İsgəndərov “Kəpəz”lə matçı buraxacaqlar

“Qəbələ”nin iki futbolçusu – Ülvi İsgəndərov və Samuel Tetteh Premyer Liqanın 32-ci turunun “Kəpəz”lə ev oyununu buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 32-ci turunun “Kəpəz”lə evdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.

Ülvi İsgəndərov və Samuel Tetteh hazırlığa qatılmayıblar. Lukas Afriko isə fərdi məşqlə kifayətlənib. Ülvi və Samuelin qarşıdakı oyunu buraxacağı dəqiqdir. Lukasın meydana çıxması isə sual altındadır.

Qeyd edək ki, sabah – aprelin 28-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Kəpəz” qarşılaşmasına saat 15:30-da start veriləcək.

Bu qarşılaşma rəqiblər arasında 28-ci matç olacaq. İndiyə qədər keçirilən 27 oyunun hamısı Premyer Liqa çərçivəsində baş tutub. Əvvəlki görüşlərdə üstünlük “Qəbələ”nin tərəfindədir.

Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə ediblər və 8 dəfə meydandan xalsız ayrılıblar. 34 qol vuran “Qəbələ” 26 top buraxıb. Baqali Dabo və Filip Ozobiç “Kəpəz”in qapısına daha çox – hərəyə 3 qol vurublar.

14-cü dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlib, 4 dəfə bərabərliklə kifayətlənib və 3 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 16 qol vuran Qəbələnin eyniadlı təmsilçisi öz qapısından 11 top buraxıb.

Qeyd edək ki, “Qəbələ” hazırda Premyer Liqanın turnir cədvəlində 17 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb. “Kəpəz” isə 31 xalla 9-cudur.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla