Günümüzdə çox sahələr real həyatdan virtual həyata, yəni sosial şəbəkələrə inteqrasiya edib.
Sosial şəbəkələr həm şəxsi ünsiyət, həm də işgüzar sahədə, reklam işlərində, müxtəlif məlumatların ötürülməsində başlıca vasitə sayılır.
Sosial media məsləhətçisi Ələmdar Manafov "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, insanlar öz fəaliyyətlərini sosial media üzərində apararkən auditoriyanın geniş olmasına üstünlük verirlər:" Lakin burada məsələ auditoriyanın geniş olması deyil, məhsul satmaq və reklamdır. Eyni zamanda əsas məsələ mövzu (content ) yaratmaq və onu izləyicilərə göstərməkdir. Mənə edilən müraciətlər zamanı hər zaman qeyd edirəm ki, bir insan əsas öz işini göstərməyə çalışmalıdır və sırf izləyici artsın deyə bu işi görməməlidir".
Qeyd edək ki, həm də cəmiyyət insanları sosial şəbəkələrdəki fəaliyyətlərinə görə daha yaxşı tanıyıb qiymət verirlər.
Ə. Manafov qeyd edir ki, çox vaxt sosial nüfuz, insanlara və cəmiyyətə təsir edə bilir :"Lakin unutmamalıyıq ki, biz cəmiyyəti doğru istiqamətə aparsaq onlar bizi izləyəcək.
Bir çox şirkətlər çalışır ki, sosial nüfuzu olan şəxsləri öz şirkətlərində sərbəst işlə təmin etsin. Çünki belə olduğu halda onların sosial nüfuzuna da yaxşı təsir göstərir".
Havar Şəfiyeva