AZ

"Problemlərin həlli üçün buraya gəlmişəm" - Renduliç

Azərbaycan Premyer Liqasının XXXII turunun "Sabah" - "Səbail" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

- Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar və ardıcıl üçüncü qələbəni qazandıq. Qeyd etməliyəm ki, oyuna başlayanda bir qədər əsəbi idik, çünki oyun çox önəmli idi. Amma nəticədə layiqli qələbə qazandıq. Bu gün Yusif İmanov mükəmməl oyun sərgilədi. Əvvəl hansısa oyunçunu fərqləndirməmişdim. O, bu gün çətin vəziyyətdə komandaya kömək etdi və bu, onun işidir. Bütün oyunçularım əllərindən gələni etdilər. Bəzi səhvlərimiz də oldu, kor deyilik, görük. Ancaq neçə oyun sonra qol buraxmadıq. Sabahdan növbəti rəqib haqda düşünəcəyik.

- Avrokuboklar zonasına addım-addım yaxınlaşırsınız. Ötənilki daha yaxşı "Sabah"ı yeni mövsümdə də görə biləcəyikmi? Komanda ilk dəfə avrokuboklara vəsiqə qazanmış, qələbələr əldə etmişdi...
- İlk olaraq, onu qeyd etməliyik ki, ötənilki ilə indiki komanda eyni deyil.

- Daha yaxşı "Sabah"ı görməkçün nə qədər vaxt lazımdır?
- Bu, bir prosesdir. Bura gələndə hər şey mükəmməl deyildi. Problemlərin həlli üçün buraya gəlmişəm. Heç kim sehrbaz deyil. Qısa zamanda nələrisə həll etmək olmur. Mövsüm ərzində zədəlilər də oldu. Məsələn, Kristian Sebalyos, Vinsent Till, Namiq Ələsgərov. Onların bərpası üçün vaxt lazımdır. İndi yaxşı yoldayıq. Lakin səhvlərimizi də görürük. Addım-addım irəli getməliyik. Hədəfimiz ikinci olmaqdır, çətinliyini bilirik. Bununçün cəhd edəcəyik. Bizdən öndə olanların da şansları var.

- Siz gələnə qədər komandanın əsas qapıçısı Nicat Mehbalıyev idi. Lakin son iki matçda Yusif İmanov "çərçivəni" qoruyur. Demək olar ki, artıq əsas qapıçı odur?
- Qapıçılarımız yaxşıdır. Təəssüf ki, hamısını eyni anda oynada bilmirəm. Nicat son matçlarda səhhəti ilə bağlı problemlər yaşadı. Yusif onu inamlı əvəz etdi. İndi yenidən qapıçı dəyişmək üçün səbəb yoxdur. Ancaq bu o demək deyil ki, Yusif rahatlaşmalıdır. 25 oyunçumuz var və hər biri önəmlidir. Maruan Haddadi mən gələndə ehtiyatda idi, ancaq bu gün şans verdik və yaxşı dəyərləndirdi.

- Tovuzdakı oyundan sonra demişdiniz ki, Xorvatiyada Premyer Liqa klublarının stadionları təbii örtüklüdür. APL-də növbəti mövsüm komanda sayının artımı müzakirə olunur. Sizcə, çempionatda keyfiyyətin artması üçün kəmiyyət də artmalıdırmı?
- Şəxsi fikrimdir, say artdıqca keyfiyyət düşəcək. Eyni şeyi Bosniyada da yaşadım. Say artdı, ancaq bəzi komandaların səviyyəsi bərbad idi. Düşünürəm ki, Azərbaycan kimi ölkələrdə komanda sayının az olması məsləhətlidir.

- Fikirlər var ki, Azərbaycanın U-21 yığmasına Xorvatiyadan olan məşqçi gətiriləcək. "Sabah"ın prezidenti Maqsud Adıgözəlov AFFA İcraiyyə Komitəsinin üzvüdür. O, sizinlə xorvatiyalı məşqçilər haqda danışıb, hansısa məsləhət alıbmı?
- Aşağı yaş qruplarında yaxşı uşaqlar var. U-19-da bəzi oyunçuları təlim-məşq toplanışına aparacağıq. Siz dediyiniz məsələ haqda isə hələ nəsə eşitməmişəm.

Şahin Cəfərov
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla