AZ

Aslan Kərimov: “Səbail”lə “Turan Tovuz” üçün 4-5 xallıq fərqi azaltmaq çətin görünür”

Misli premyer-liqasında mövsüm sonuna yaxınlaşdıqca rəqabət artır.

Sona 5 tur qalmış hələ də açıq qalan suallar var. Düzdü, “Qəbələ”nin kubokdan uzaqlaşmasıyla avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların sırası məhdudlaşdı. Turnir cədvəlinə baxsaq, qalan üç vəsiqə uğrunda 6 komanda – “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Turan Tovuz” və “Səbail” mübarizə aparır. Hazırda “Zirə” 49 xalla pelotona başçılıq edir. “Sumqayıt” və “Neftçi”nin 47 xalı var. “Sabah” isə 46 xala malikdi. “Səbail”lə “Turan Tovuz” bu mənada daha az xalı (42), deməli, həm də daha aşağı şansı var. Təbii ki, növbəti 5 tur ərzində nəticələr dəyişə bilər. Əvvəlcə avrokuboklara iddialı komandaların növbəti qarşılaşmalarına nəzər salaq.

“Zirə”
32-ci tur:“Zirə” – “Araz-Naxçıvan”
33-cü tur: “Turan Tovuz” – “Zirə”
34-cü tur: “Zirə” – “Qarabağ”
35-ci tur: “Kəpəz” – “Zirə”
36-cı tur: “Zirə” – “Səbail”
“Zirə”ni bu rəqabətdə ən güclü və ən şanslı komandalardan biri saymaq olar. “Qartallar” 5 oyundan üçünü evdə keçirəcək, üstəlik rəqiblərdən biri aşkar autsayder “Kəpəz”di. Yeganə ciddi maneə kimi çempionluğu çoxdan təmin edən “Qarabağ” görünür. Düzdü, ağdamlıların çempion statusu “Zirə”yə bu komandadan xal almaq ümidi bəxş edir. Amma bu məsələnin başqa tərəfi də var. Çempion kubokun finalı ərəfəsindəki baş məşqdə gücünü “qartallar”a göstərməyə çalışacaq.

“Sumqayıt”
32-ci tur: “Sumqayıt” – “Qarabağ”
33-cü tur: “Kəpəz” – “Sumqayıt”
34-cü tur: “Sumqayıt” – “Səbail”
35-ci tur: “Sabah” - “Sumqayıt”
36-cı tur: “Sumqayıt” – “Qəbələ”
“Sumqayıt” cari mövsümün sonunda avrokuboklara yollanmaq istəyənlər sırasında ən istəklilərdəndi. Bugünkü oyun ərəfəsində “Qarabağ” yorğundu. Belədə sevinən tərəf məhz “Sumqayıt” ola bilər. Həmçinin “Qəbələ” və “Kəpəz” də “gənclik şəhəri” təmsilçisindən aşkar zəifdi. Yalnız “Səbail” və “Sabah”la oyunların nəticəsi narahatlıq doğurur. Çünki bu komandalar da avrokuboklara iddialıdı. Bir sözlə, “Zirə”dən sonra ən şanslı görünən komanda “Sumqayıt”dı.

“Neftçi”
32-ci tur: “Neftçi” –“Turan Tovuz”
33-cü tur: “Qarabağ” – “Neftçi”
34-cü tur: “Neftçi” – “Kəpəz”
35-ci tur: “Səbail” – “Neftçi”
35-cı tur: “Neftçi” – “Sabah”
“Neftçi” son vaxtlar uğursuzluq yaşayır. Yenə də hər şey “ağ-qaralar”ın əlindədi. Bakılılar bu siyahıda bəxtsizliklə üzləşib. Çünki “Kəpəz”dən başqa bütün rəqiblər avrokuboklara yollanmaq arzusundadı. Amma “Kəpəz” də “Neftçi”nin əzəli rəqibidi. Belədə “sarı-göylər”lə qarşılaşma da asan keçməyəcək. “Neftçi”nin “Qarabağ”a qalib gəlməsi mümkünsüz görünürsə, “Sabah”la oyun üçün də ümidlərin az olduğunu deyə bilərik. Həmçinin “Turan Tovuz”un son turda “Sumqayıt”la matçda xal itirdiyini, “Neftçi”nin kubokun cavab oyununda yorulduğunu nəzərə alsaq, “ağ-qaralar”ın üzü yenə gülməyə bilər.

“Sabah”
32-ci tur: “Sabah” – “Səbail”
33-cü tur: “Araz-Naxçıvan” - “Sabah”
34-cü tur: “Qəbələ” – “Sabah”
35-ci tur: “Sabah” – “Sumqayıt”
36-cı tur: “Neftçi” – “Sabah”
“Sabah” 5 oyundan yalnız ikisini öz meydanında keçirəcək. Bu məqam “tələbələr”in şansını azaltsa da, əvəzində “Araz-Naxçıvan”la “Qəbələ”nin açıq-aşkar onların “dişinə görə” rəqib olduğunu unutmayaq. Yeri gələndə “Sabah” “Neftçi”dən də zəif deyil.

“Səbail”
32- ci tur: “Sabah” - “Səbail”
33-cü tur: “Səbail” – “Qəbələ”
34-cü tur: “Sumqayıt” – “Səbail”
35-ci tur: “Səbail” - “Neftçi”
36-cı tur: “Zirə” – “Səbail”
“Səbail” son vaxtlar qeyri-sabit çıxış etsə də, avrokuboklara iddiasını qoryur. Şahin Diniyevin komandasının “Qəbələ” istisna olmaqla başqalarına qalib gəlmək ehtimalı azdı. “Dənizçilər”in “bayquşlar”la şansını isə 50-nin 50-yə saymaq olar. Cəmi 42 xala malik “Səbail” böyük ehtimalla avrokuboklara vəsiqə qazana bilməyəcək.

“Turan Tovuz”
32-ci tur: “Neftçi” – “Turan Tovuz”
33-cü tur: “Turan Tovuz” – “Zirə”
34-cü tur: “Araz-Naxçıvan” – “Turan Tovuz”
35-ci tur: “Qarabağ” – “Turan Tovuz”
36-cı tur: “Turan Tovuz” – “Kəpəz”
“Turan Tovuz” da ilk “dördlüy”ə şansı az olan komandardandı. İddiası böyük olan “bozqurd” “Araz-Naxçıvan” və “Kəpəz”dən rahat xal ala bilərsə, başqalarıyla işi çətindi. Komandanın “Qarabağ”ı yenə bilməyəciyini təxmin etsək, başqalarıyla şansı yarı-yarıyadı.

Bəs bu komandalardan hansıların avrokuboklara yollanmaq şansı daha yüksəkdi? Bəxt kimin üzünə gülə bilər? Aslan Kərimovun fikrincə, mübarizə son tura qədər davam edəcək: “Səbail”lə “Turan Tovuz” üçün 4-5 xallıq fərqi azaltmaq çətin görünür. İrəlidə bir xal belə həlledici rol oynayacaq. Bundan əvvəl hər iki komanda əsas rəqiblərinə xal hədiyyə etdiyinə görə onlar üçün bu fərqi aradan qaldırmaq nəzəri cəhətdən çətin görünür. Çempionatın sonuna doğru hansı komandanın gücü qalıbsa, ehtiyatda daha yaxşı oyunçulara malikdisə, o da hesabına xal yaza biləcək. Hazırda “Zirə” turnir cədvəlində ikinci olsa da, bundan sonra işi çətindi. Yəni kubokun finalı əlavə yük, stress deməkdi.“Zirə”, “Neftçi”, “Sumqayıt” və “Sabah” başqalarını geridə qoya bilər. Amma hansının çempionatı neçənci yerdə bitirəcəyini indidən demək olmur. Çünki oyunların gedişi onu göstərir ki, “Neftçi” “Zirə”yə,“Sabah” “Sumqayıt”a qalib gələ bilər. Ona görə ki, bütün komandalar rəqib qapısı önündə kifayət qədər qol imkanı yaradır, eyni zamanda kifayət qədər qol imkanı verir. 4 komandadan hansısa biri son turda şansını itirə bilər”.

RÖYANƏ OĞUZ

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla