AZ

Lider büdrədi, ən yaxın izləyiciləri qələbə qazandı - TURUN İCMALI

Aprelin 25-26-da keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 23-cü tura yekun vuruldu.

Mövsümün başa çatmaq üzrə olduğunu nəzərə alsaq, bütün komandaların hədəflərinə daha möhkəm sarılmasının səbəbini anlaya bilərik. Bu mənada ən çətin sual “Araz Saatlı” ilə bağlı idi. Rüfət Quliyevin komandası turniri tərk etmək təhlükəsiylə üz-üzə olduğundan qələbəyə köklənmişdi. Lakin “Karvan”ın müqavimətini qırmaq bir yana, dörd qolun buraxılması vəziyyəti daha da kritikləşdirdi.

Bu tur lider üçün düşərli olmadı. “Qaradağ Lökbatan” – MOİK matçında hərəyə bir xal düşdü ki, hər ikisi nəticədən razı qalmadı. Hələ ki Qəzənfər Abbasovun kollektivi məğlubiyyətsizlik seriyasını 9-a çatdırmaqdan motivasiya alacaq.

“Zaqatala”nı qəbul edən “İmişli”nin qələbə qazanması isə Əsgər Abdullayevin sevincini ikiyə qatladı. “Şamaxı” “Difai Ağsu”nu məğlub edərək iddiasını qorudu. Ramiz Məmmədovun komandası hələ də “çempionluq uğrunda mübarizə aparırıq” deyə bilər.Hər halda, “şirlər” 14 oyundu uduzmur.

“Mingəçevir”in evdə “İrəvan”ı məğlub etməsi meydan sahiblərini arxayınlaşdırdı. O mənada ki, “nur şəhəri”nin təmsilçisi üçün hansısa təhlükə yoxdu. Nazim Süleymanovun komandasına gəlincə, artıq 5 oyundu ki, nəinki 3, hətta 1 xala belə həsrətdi. Ehtiyat oyunçular skamyası boş olan kollektiv sözün əsl mənasında “qapazaltı”ya çevrilib…

1. Qaradağ Lökbatan 23 14 7 2 39-15 49
2. İmişli 23 13 7 3 36-16 46
3. Şamaxı 23 12 9 2 49-19 45
4. MOİK 23 12 6 5 44-23 42
5. Karvan 23 10 5 8 30-28 35
6. Zaqatala 23 6 8 9 28-30 26
7. Mingəçevir 23 7 4 12 17-32 25
8. İrəvan 23 7 2 14 25-48 23
9. Difai Ağsu 23 4 5 14 27-40 17
10. Araz Saatlı 23 3 1 19 24-68 10

Bombardirlər: Elşad Tağıyev (Şamaxı) – 15, Elmir Rəhimzadə (MOİK) – 12, Seyxan Fərəcov (Qaradağ Lökbatan) - 10 qol.

Növbəti turun oyunları mayın 1-2-də keçiriləcək: Difai Ağsu – Mingəçevir, Karvan – İmişli, Zaqatala – Şamaxı, MOİK – İrəvan, Qaradağ Lökbatan – Araz Saatlı.

KƏNAN BAHADIR

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla