AZ

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

NASA-nın

Bakı, 27 aprel, AZƏRTAC

NASA-nın rəhbəri Bill Nelson bildirib ki, onun başçılıq etdiyi agentlik xalqların gələcəkdə iqlim dəyişikliyi, o cümlədən istixana qazları emissiyaları kimi mövzularda daha sıx əməkdaşlıq edəcəyinə ümid edir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Nelsonun sözlərinə görə, planeti sürətlə istiləşdirən və iqlim böhranına səbəb olan istixana qazları emissiyalarını azaltmaq üçün həllər artıq mövcuddur, lakin onların tətbiqi yeni miqyasda və sürətlə görünməmiş dəyişikliklər tələb edir.

“Bu, xalqların birlikdə fəaliyyət göstərə biləcəyi bir sahədir, çünki heç bir ölkə təkbaşına vəziyyəti dəyişə bilməz”, -deyə Nelson Mexikoda keçirilən tədbirdə istixana qazları emissiyaları ilə bağlı problemin necə həll olunacağına dair suala cavab verib.

Peyklər dünyanın hər yerindən alimlərə iqlim dəyişikliyini öyrənmək üçün məlumatlar ötürür, eyni zamanda, getdikcə daha çox metan sızması kimi istixana qazı emissiyalarının mənşəyini müəyyən edir. Nelson əlavə edib ki, peyklər daim iqlim haqqında məlumat toplayır və NASA bu məlumatları əlçatan etmək, habelə insanları ondan istifadəyə öyrətmək istəyir.

Təbii qazın əsas komponenti olan metan karbon qazından sonra qlobal istiləşməyə ən böyük töhfə verən ikinci amildir. Alimlər indi peyklər tərəfindən toplanan məlumatlardan istifadə edərək böyük metan sızmasının mənşəyini dəqiq müəyyənləşdirə bilərlər.

Metan qazı karbon dioksidlə müqayisədə qlobal istiləşmənin daha güclü təhrikçisidir, çünki atmosferdə daha çox istilik tutur. NASA rəhbərinin müavini Pam Melroy bildirir ki, bu, qlobal narahatçılıq doğurur və heç bir ölkənin bu problemi təkbaşına həll edə bilməyəcəyini etiraf etmək çox vacibdir.

Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla