AZ

"Qalatasaray"ın rəhbərliyində olan azərbaycanlı "Sportinfo"ya nələr danışdı?

“Qalatasaray”ın Azərbaycanda yeni layihə həyata keçirmək niyyətində olduğunu xəbər vermişdik.

Türkiyə nəhəngi artıq proyektin icrasına start verib. Müxtəlif tədris ocaqları ilə əməkdaşlığı əhatə edən layihə paytaxt Bakıda başlayıb bölgələri əhatə edəcək.

Plan barədə ətraflı məlumat almaq üçün “Qalatasaray”ın İdarə Heyətinin üzvü Emin İmanovla əlaqə saxladıq.

- “Qalatasaray”ın Azərbaycanda yeni layihənin icrasına başlamasından mıəlumatlıyıq. Bu yöndə işləriniz necə gedir? Planlar nədən ibarətdir?

- Bu, sırf “Qalatasaray”ın təşəbbüsü ilə həyata keçirilən proyektdir. Bildiyiniz kimi, “Qalatasaray” futbol yox, idman klubudur. İndiyə qədər digər idman növlərində olimpiadalar üçün idmançılar yetişdirmişik. Əvvəl futbol, voleybol, basketbol məktəbləri ayrı idi. Biz onları idman klubu adı altında birləşdirib idman məktəbləri istifadəyə verdik. Niyyətimiz layihəni tədris ocaqları ilə həyata keçirməkdir. Türkiyədə başladıq, Kiprdə davam etdirdik və bu gün Azərbaycandayıq. Öndə gedən təhsil ocaqları ilə müqavilə bağlayıb, orada futbol, voleybol, basketbol, növbəti aylarda, yaxud illərdə yüngül atletika, üzgüçülük və digər idman növlərinin inkişafına nail olmaq istəyirik. Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələri idmana da daşımaq niyyətindəyik.

- İşə baladığınızı dediniz. İndiyə qədər hansı təhsil mərkəzləri ilə müqavilə bağlanıb?

- 20 və 23 nömrəli məktəblərdə, Müasir Təhsil Kompleksində, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisindəki mini futbol meydançasında fəaliyyətə başlamağa hazırlaşırıq. Artıq bir neçə özəl universitetlərlə də aparılan danışıqlar son mərhələyə çatıb. Qeydiyyatlara başlamışıq. Yaxın zamanlarda “Qalatasaray”ın rəsmi orqanlarında bununla bağlı rəsmi məlumatlar yer alacaq.

- Sıfırdan idman mərkəzləri inşa olunmayacaq, əsasən tədris ocaqları ilə əməkdaşlıq edəcəksiniz. Düzdür?

- Bəli, dediyim kimi, təhsil mərkəzləri ilə müqavilə bağlayıb, onların nəzdində “Qalatasaray” idman məktəbləri açırıq. Məşqlər də həmin məktəb və universitetlərin idman zallarında keçiriləcək.

- Azərbaycan klubları ilə əməkdaşlıq edəcəksiniz?

- Onsuz da məqsədimiz Azərbaycan klubları üçün bacarıqlı idmançılar yetişdirməkdir. Məktəblərimizdə yetişən idmançılar “Qalatasaray”la yanaşı, Azərbaycan klublarında da iştirak edə biləcəklər.

- Məşqlər ödənişli olacaq?

- Bəli.

- Ödənişlər ölkə standartlarını aşmayacaq ki?

- Qiymətlər Azərbaycan normalarına uyğun tənzimlənəcək.

- Az öncə adlarını sadaladığınız tədris ocaqları əsasən imkanlı ailələrin övladlarının təhsil aldığı məktəblərdir. Qiymətləri onlara uyğun tənzimləsəniz, kasıb təbəqənin övladları kənarda qalacaqlar.

- Bütün nüansları nəzərə almışıq. Hazırda bu yöndə işlər davam edir. Potensiallı idmançılara bəlkə təqaüd veriləcək, bəlkə ödənişdən azad olunacaqlar. Baxacağıq.

- Şəhid ailələri üçün hansısa güzəştlər nəzərdə tutulub?

- Bu yöndə danışıqlar aparılır. Hələ tam qərar verilmədiyi üçün qəti fikir bildirə bilməyəcəm.

- Nəzərdə tutduğunuz plan yalnız paytaxtımızı əhatə edəcək?

- Bu gün üçün Bakıda başlamağı nəzərdə tutmuşuq. Məqsədimiz coğrafiyanı genişləndirməkdir. Gəncə,Sumqayıt, Lənkəran, Qarabağda da müəyyən işlər nəzərdə tutulub. Bu, vaxt alan prosesdir. Bir neçə ay, ya da 1 il gözləmək lazım gələcək.

- Bu layihənin “Qarabağ”la əməkdaşlıq müqaviləsi ilə əlaqəsi var?

- Sırf bu proyektdən danışırıqsa, xeyr, heç bir əlaqəsi yoxdur. “Qarabağ”la başqa layihələrlə bağlı danışıqlar gedir. Bu il “Qarabağ” üçün çox ağır mövsüm oldu. Avrokuboklarda böyük işlər gördülər, yaxşı nəticələr qazandılar. Yeri gəlmişkən, çempionluq münasibəti ilə “Qarabağ”ı təbrik etmək istəyirəm. İnşallah, “Qalatasaray”da çempion olsun, ondan sonra yeni layihələrin icrasına başlayacağıq.

HƏBİB

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla