AZ

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Azərbaycan

Bakı, 27 aprel, AZƏRTAC

“Qızlarımızın Avropa çempionatının ilk turlarında əldə etdiyi nəticələr ümidvericidir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri qadın şahmatçılardan ibarət yığmanın məşqçisi Yevgeni Tomaşevski Yunanıstanın Rodos adasında keçirilən Avropa çempionatında mübarizə aparan milli komandanın çıxışını şərh edərkən deyib.

Rusiyalı mütəxəssis bildirib ki, qadın şahmatında öncədən proqnoz vermək olduqca çətindir: “Dəqiq bir söz demək üçün sonu gözləmək lazımdır. Təbii ki, hazırda əsas məqsədimiz Şahmat Olimpiadasına vəsiqə qazanmaqdır. Sakitcə hazırlaşmaq istəyirik. Çox böyük səs-küy salmağın əleyhinəyəm. Avropa çempionatının yekununa əsasən təhlillər aparmalıyıq. Bəzi detalları analiz etməli, onların üzərində işləməliyik. Olimpiada üçün proqramımız hazırdır. Ümid edirəm ki, nəticə bizim xeyrimizə olacaq”.

O, kişi şahmatçılar arasında Azərbaycan çempionatını da maraqla izlədiyini söyləyib: “Bu mənim işimdir. Şahmatçıların hər birinin çıxışından razı qaldım. Çempionatın qalibi olan Aydın Süleymanlının oyununu isə daha yaxından izləyirdim. Çox şad oldum ki, yarışın qalibi məhz Aydın oldu”.

Y.Tomaşevski A.Süleymanlının milliyə cəlb olunub-olunmayacağı ilə bağlı suala da aydınlıq gətirib: “O, 80 faiz reytinq əmsalını artırıb. Kifayət qədər potensialı var. Lakin müəyyən məqamlar var ki, bu, artıq şahmatçının özündən asılıdır. Aydının yığmaya cəlb olunacağını dəqiq demək çətindir. Çünki bu, federasiya rəhbərliyinin qərarına əsasən bəlli olacaq. Amma biz onun üzərində işləyirik. Müəyyən çətinlikləri var idi. Hamısını aradan qaldırmağa çalışırıq. O, daha da inkişaf edib potensialını artıra bilər. Yeniyetmələr arasında yüksək reytinqə malikdir. Bundan sonrası isə onun mübarizəsindən, əzmkarlığından, bir sözlə xarakterindən asılıdır. Aydına ümidlərimiz böyükdür”.

Qeyd edək ki, Azərbaycanın qadın şahmatçıları qitə birinciliyinin yeddinci turunda ümumilikdə 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıblar. Turnir cədvəlinə 6,5 xalla Ülviyyə Fətəliyeva başçılıq edir.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla