AZ

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Aprelin

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür. Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Baytar Həkimi Günü hər il dünyanın bir çox ölkəsində aprelın son şənbə günü qeyd edilir. Həmin gün 2000-ci ildə Ümumdünya Baytarlıq Assosiasiyası tərəfindən təsis olunub.

Beynəlxalq Baytar Həkimi Günü dünyada baytarlıq işlərinin müxtəlif aspektlərini önə çəkmək, həmçinin heyvanların sağlamlığına və rifahının yaxşılaşdırılmasına töhfə vermək məqsədilə keçirilir.

Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı dövrdən heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində bir çox nailiyyətlər əldə edib. Respublika ərazisində dabaq, brusellyoz, xırdabuynuzlu heyvanların taunu, qoçların epidemit, quduzluq, quşların qripi, reovirus, infeksion larinqotraxeit, pasterellyoz, infeksion bronxit və mikoplazmoz və s. xəstəliklərə qarşı kənd təsərrüfatı heyvanlarında, vəhşi quş və heyvanlarda dövri olaraq epizootoloji monitorinqlər həyata keçirilir. Ölkəmizdə minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 15-dən 106-ya çatdırılıb. Eyni zamanda, Agentlik tərəfindən baytarlıq preparatlarının qeydiyyatı, idxalı prosedurları və baytarlıq müşahidəedici sənədlərinin verilməsi prosesləri tam elektronlaşdırılıb.

Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir. 2022-2023-cü illər üzrə ölkədə heyvanlar arasında quduzluqla bağlı epizootik vəziyyət, o cümlədən relyefin coğrafi xüsusiyyətləri və həssas vəhşi heyvanların miqrasiyasının mövcudluğu nəzərə alınmaqla, kəndətrafı meşə massivləri əhatə olunmaqla, Xızı və Siyəzən rayonlarının inzibati ərazisindən Qusar və Xaçmaz rayonları ərazisinə və Rusiya Federasiyası ilə dövlət sərhədinə kimi, digər regionda isə Şamaxı rayonunun inzibati ərazisindən Balakən rayonu və Gürcüstanla dövlət sərhədinə qədər helikopter vasitəsilə aldadıcı yem səpilərək vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Atların manqo xəstəliyi ilə bağlı ölkəmizdən Qazaxıstana ixrac olunan atlara tətbiq edilən qadağa 2021-ci ildən etibarən aradan qaldırılıb və atların ixracı bərpa edilib. Ölkəmizin atların Afrika xəstəliyindən və donuzların Afrika taunu xəstəliyindən 2024-cü il üzrə azadolma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib.

Respublikamızın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azadolma statusunun təsdiq olunmasına dair hesabat ÜHST tərəfindən qəbul edilib və ölkəmizin müvafiq tələblərə cavab verməsi barədə qərar qəbul edilib. Ötən il aprelin 25-27-də ölkəmizdə keçirilən beynəlxalq tədbirdə Azərbaycan 3 il müddətinə ÜHST-nin dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun rəhbəri seçilib.

Hazırda ölkəmizdə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi məqsədilə hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənilməsinə imkan verəcək Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi yaradılıb.

Həmçinin heyvan sağlamlığının təmin edilməsi və baytarlıq nəzarətinin həyata keçirilməsində laboratoriya sisteminin əhəmiyyəti nəzərə alınaraq bu sahədə əsaslı işlər görülüb. Hazırda ölkə ərazisində heyvan xəstəliklərinin diaqnostikası üzrə 8 laboratoriya fəaliyyət göstərir. Həmin laboratoriyalar dünyanın ən böyük şirkətləri tərəfindən təşkil olunmuş Beynəlxalq Peşəkarlıq Testlərində heyvan və quşların xüsusi təhlükəli xəstəlikləri üzrə iştirak edib və uğurlu nəticələr qazanıb.

Laboratoriyalar xüsusi təhlükəli xəstəliklər üzrə ISO 17025-2017 standartının tələblərinə uyğun milli akkreditasiyadan keçib. Həmçinin Mərkəzi Baytarlıq Laboratoriyası ölkədə ISO 17025 beynəlxalq standartın tələblərinə uyğun beynəlxalq akkreditasiyadan keçmiş ilk laboratoriyadır.

Eyni zamanda, Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində böhran vəziyyətinin idarəolunması üçün biotəhlükəsizlik səviyyəsi 2+ uyğun olan, ləvazimat və avadanlıqlarla tam təchiz olan üç səhra və bir səyyar laboratoriya fəaliyyət göstərir.

Seçilən
37
2
Mənbələr
Şərh ()
Bağla