AZ

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

ÜST-nin

Bakı, 27 aprel, AZƏRTAC

Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı və COVID-19 virusunun daha geniş yayılmasına səbəb oldu.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Astanada keçirilən Nobel Tibb Festivalının iştirakçılarına müraciətində bildirib.

Tibb sahəsində 40-dan çox adlı-sanlı alimin, ABŞ, Fransa, Almaniyadan, habelə MDB ölkələrindən ekspertlərin iştirak etdiyi və səhiyyə sektorunda innovasiyalara həsr olunmuş tədbirdə çıxış edən ÜST rəhbəri əlavə edib: “İnnovasiya həmişə səhiyyədə tərəqqinin hərəkətverici qüvvəsi olub; insan genini öyrənməyə, təhlil etməyə və hətta dəyişməyə imkan verən peyvəndlər, penisillinlər və texnologiyalar haqqında düşünün. Vizyonumuzun və missiyamızın mərkəzində innovasiyalar dayanır. COVID 19 pandemiyası bizə rekord müddətdə peyvəndlər hazırlamaqla həyatları xilas etmək üçün innovasiyaların gücünü xatırlatdı. Bununla belə, bu, həm də yeni müalicə vasitələrinin ədalətlə müşayiət olunması zərurətini ön plana çıxarır. Peyvəndlərə qeyri-bərabər əlçatanlıq insanların həyatını itirməsinə və pandemiyanın müddətinin uzanmasına səbəb olub. İnnovasiyalar insanların bir hissəsinin daha da geri qalmasına səbəb olmaqdansa, bərabərsizliyi azaldaraq ölkələrin ehtiyaclarına cavab verdikdə ən təsirli olur. Buna görə də vaksinlərə və digər təchizatlara bərabər çıxış pandemiya sazişinin əsas prinsiplərindən biridir. ÜST ən ucqar və əlverişsiz icmalara səhiyyə xidmətini yaxşılaşdırmağa kömək edəcək innovasiyaları genişləndirmək üzərində işləyir. Təşkilatımız 86 il əvvəl sağlamlığın təkcə səhiyyə xidməti haqqını ödəyə bilənlər üçün deyil, həm də hər bir insanın əsas hüququ olduğuna inanaraq yaradılıb”.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla