AZ

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

Nazir

Yevlax, 27 aprel, AZƏRTAC

“Son illərdə Azərbaycanda qeyri-neft-qaz sektoruna göstərilən yüksək dövlət diqqəti nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb və ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi prosesində mühüm addımlar atılıb”.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi” mövzusunda Yevlax rayonunda keçirilən respublika müşavirəsindəki çıxışında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəliliyinin artırılması, məhsul istehsalçılarına dövlət dəstəyinin göstərilməsi ilə bağlı imzaladığı Sərəncam və verdiyi tapşırıqlar bu sektorda istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirib.

“Bu gün aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müasir texnologiyalar və elmi əsaslar üzərində aparılması olduqca aktualdır. Ölkəmiz torpaq və su resursları məhdud olan ölkələr qrupuna daxildir. Torpaqların uzun müddət ənənəvi üsullarla becərilməsi, qlobal iqlim dəyişmələrinin təsiri ilə torpaqların deqradasiyaya uğraması, şoranlığın artması, su resurslarının azalması kənd təsərrüfatı məhsullarının istehsalını ciddi təzyiqlərlə üzləşdirir. Ona görə də yaranmış çətinliklərin aradan qaldırılmasında torpaqqoruyucu, resursmühafizəedici, texnoloji əməliyyatların rəqəmsallaşdırılması və dəqiq əkinçilik sisteminin tətbiq olunması xüsusi önəm kəsb edir”, - deyə nazir müavini qeyd edib.

S.Cəfərov bildirib ki, COP29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq. “Bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək”, - deyə o qeyd edib.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla