AZ

Ruhun qidası...

Beynəlxalq Rəqs Günüdür

Yeganə BAYRAMOVA

İnsanların öz hisslərini və düşüncələrini ifadə edən vasitələrdən biri rəqslərdir. Rəqslər, eyni zamanda, musiqinin müşayiəti altında bədən hərəkətlərindən ibarət unikal dil hesab olunur. Dünyanın demək olar ki, bütün xalqlarında maraqlı rəqs nümunələri var. Bu rəqslər öz fərqlilikləri və ifa çətinlikləri ilə insaları heyrətə gətirə bilər.

Qədim dövrlərdə rəqs hərəkətləri olduqca sadə olub. İnsanlar müəyyən bir ritm altında əl və ayaqlarını sərbəst şəkildə hərəkət etdirərək rəqs edirdilər. Rəqslər hər zaman müxtəlif mərasimlərin, bayramların mühüm hissəsini təşkil edib. Bu gün bizə məlum olmayan bir sıra qədim rəqslər var ki, onlar maraqlı tarixçələri ilə seçilir. 

Ölülərlə rəqs

Madaqaskar əhalisinin çox qəribə və qədim adəti var. Yerli əhali hər yeddi ildən bir xüsusi mərasim keçirir. Ada sakinləri öz yaxınlarının məzarlarını açıb cəsədləri çıxarırlar. Daha sonra cəsədin köhnə kəfəni yenisi ilə əvəz edilir. Ölülərin qalıqları təkrar dəfn edilməzdən əvvəl heyvan ətlərindən hazırlanmış süfrə açılır. Əhali süfrə arxasında cəsədləri çiyinlərinə alaraq musiqi sədaları altında rəqs edirlər.

Müqəddəs Vitta rəqsi

Almaniyada XIV-XV əsrlərin ortasında bu rəqs olduqca məşhur imiş. Bu rəqsi hətta “kütləvi dəliliyin” erkən təsvir edilmiş formalarından biri kimi qiymətləndirirlər. Yüzlərlə insan bütün gün ərzində qeyri-ixtiyari yorulana qədər rəqs edir. Bu rəqs həftə ərzində dayanmadan davam edir. İlk dəfə bu rəqs 1374-cü ildə Aexen şəhərində qeydə alındıqdan sonra bütün Avropada yayılıb.

Vendiqo rəqsi

Hindlilərin ənənəvi rəqsidir. İnsanlar rəqs vasitəsilə çürümüş parçalardan ibarət geyim, qəribə saç düzümü ilə adamyeyən bədheybətləri təsvir edir. Rəqs edənlər ovçu bədheybətlərin dəlisov hərəkətlərini təqlid edir.

Tarantella

İtaliyanın Neapol şəhərində XV əsrdə yaranmış rəqsdir. Rəqsin adı haqqında iki maraqlı versiya var. Belə ki, bir qrup insanlar rəqsin adının Taranto şəhəri ilə bağlı olduğunu düşünür. Digərləri isə bu yerlərdə tez-tez rast gəlinən nəhəng hörümçəklə əlaqələndirir. İnsanlar hesab edirdilər ki, bu hörümçəklər zəhərlidir. Hörümçək dişləməsindən yaranan ölümcül xəstəliklərdən qurtulmaq üçün insanlar sadəcə çoşqun və sürətli rəqslər etməyə başlayıb. Yalnız 300 il sonra məlum olub ki, hörümçəklər heç zəhərli deyilmiş.

Morrisa rəqsi

Bu, qədim ingilis rəqsidir. Morissa keçmişdə bütpərəstlər tərəfindən yaradılıb. Bir qrup tədqiqatçılar isə bu rəqsin daha qədimdən mövcud olduğunu iddia edirlər. XVI əsrdə Avropa küçələrində maraqlı kostyumlar və zınqırovlarla oynanılan rəqslər olduqca məşhur imiş. Böyük Britaniyada bu maraqlı rəqs hələ də xüsusi yer tutmaqdadır.

Kandoble ayin rəqsi

Braziliyada XX əsrin ortalarına qədər qadağan edilən bu qəribə və sirli dini rəqs Afrikadan bura qulların köç etməsindən sonra yenidən canlanmağa başladı. Rəqsin əsas məğzini dini mərasimlərdə monoton hərəkətlərin təkrarı təşkil edir. Rəqqasların Allahla ünsiyyətdə olduğu güman edilir. Baraban sədaları altında gerçəkləşdirilən rəqslərdə insanların ruhunu təmizlədiyi güman olunur.

Qeyd edək ki, aprelin 29-u Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Bu gün 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin xatirəsinə ehtiram olaraq təsis edilib.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla