AZ

APL: avrokubok "döyüşləri" davam edir

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək. Avrokuboklara vəsiqə üçün mübarizə aparan “Sabah” və “Səbail” Masazırda üz-üzə gələcəklər.

Turnir cədvəlinin sonuncusu “Qəbələ” azarkeşləri “Kəpəz”i qəbul edəcək. “Neftçi” “Turan Tovuz”u, “Qarabağ” “Sumqayıt”ı sınağa çəkəcək. Tura “Zirə” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.

Sabah – Səbail
Əvvəlki oyunlar: 2:2, 4:0, 0:2


Avrokuboklar uğrunda mübarizə aparan “Sabah” ardıcıl iki oyundur, qələbə qazanır. Krunoslav Renduliçin komandası əvvəlcə “Qarabağ”ı, sonra isə “Kəpəz”i məğlub edərək, turnir cədvəlində “dördlük”lə xal fərqini minimuma endirib. “Futuristlər” Konfrans Liqasına vəsiqə uğrunda favoritlər arasındadır. Komandanın son turlardakı əzmkar oyunu avrokuboklar yoluna ciddi irəliləyişə səbəb olub. Bugünkü görüşün də favoriti məhz “Sabah”dır. “Bayquşlar” azarkeşlərinin dəstəyi ilə qələbə qazanıb, yuxarı pillələrə yüksəlməyi hədəfləyir.

“Səbail” isə ötən turda “Araz-Naxçıvan”ı məğlub etməklə avrokubok zonası uğrunda yarışda qaldı. Komandanın Konfrans Liqası şansları digər rəqiblərə nisbətən az görünür, buna baxmayaraq, “dənizçilər” “Sabah”ı məğlub etməklə yenidən iddialılar sırasına qoşulmağı planlayır. Komandalar arasında bu mövsüm baş tutan üç oyunda hərəyə bir qələbə qaznaılıb, bir görüş isə heç-heçə yekunlaşıb.

Qəbələ - Kəpəz
Əvvəlki oyunlar: 1:0, 0:3, 1:2


Turnir cədvəlinin sonuncusu “Qəbələ” mövsümün final oyununa çıxacaq. Düzdür, komandanın son sıradan qurtulması üçün möcüzə lazımdır və “Kəpəz”lə oyun bu baxımdab vacibdir. Kaxaber Sxadadzenin komandası rəqibindən 14 xal geri qalır. “Qırmızı-qaralar” bu tur xal itirsə, sonuncu olması dəqiqləşəcək. Elitadakı yerin rəsmi təsdiqi üçünsə “Kəpəz”ə bir xal da kifayət edir.

“Kəpəz” Adil Şükürovun baş məşqçi postuna gəlişindən sonra artırıb və qazanılan nəticələr Premyer Liqada qalmaq şanslarını demək olar, 100 faizlik edib. Yeganə ehtiyac bir xaldır və “Kəpəz”in qarşıdakı 5 turun hamısında məğlub olması inandırıcı deyil. Şükürovun komandası bu turda “Qəbələ”dən xal qoparmaqla yerini təmin etmək istəyir. Gəncəlilərin 8-ci “Araz-Naxçıvan”la da xal fərqi birdir və mövsümü daha bir pillə yuxarıda bitirmək üçün şanslar davam edir.

Neftçi – Turan Tovuz
Əvvəlki oyunlar:  1:0, 3:2, 1:1


Azərbaycan Kuboku ilə vidalaşan “Neftçi”nin bütün diqqəti Premyer Liqadadır. Baş məşqçi Miodraq Bojoviç qarşısına qoyulan “gümüş” hədəfini yerinə yetirmək arzusundadır. İkinci sıradakı “Zirə”dən 2 xal geri düşən “ağ-qaralar” bu turda da xal itirsə, işini çətinləşdirəcək. Ötən turda əsas rəqibi olan “qartallar”a məğlubiyyət narazıları ikiqat artırıb. Gümüş medallar qazanılmasa, Bojoviçlə yollar ayrılacaq. Gəlişindən sonra oyun planında və nəticələrdə artım müşahidə olunmayan “Neftçi”nin hədəfinə çatması çətin görünür. “Zirə” əla forma yığıb və bundan sonra xal itirməsi çətin olacaq.

“Turan Tovuz” isə dördüncülük yolunda mübarizəsini davam etdirir. Ötən turda “Sumqayıt”a gözlənilmədən azarkeşləri önündə məğlub olan tovuzlular bunu unutdurmaqçün “Neftçi” səfərindən yaxşı nəticə ilə dönməlidir. Qələbə komandanı avrokubok zonasına daha yaxınlaşdıracaq.

Sumqayıt – Qarabağ
Əvvəlki oyunlar: 0:5, 1:6, 0:2


Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan “Sumqayıt” mövsümün ən çətin oyunlarından birinə çıxacaq. “Kimyaçılar” bu turda xal itirsə, “Sabah” və “Neftçi”dən geri düşə bilər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna böyük maraq var. 5000-ə yaxın bilet satılıb və sayın artacağı istisna edilmir. “Sumqayıt” azarkeşlərinin də dəstəyi sayəsində “Qarabağ”dan xal qopara bilər.

“Atlılar” isə çempionatda iki oyundur, xal itirir. Qurban Qurbanovun komandası çempionluğu təmin edib və görüşlərə rotasiyalarla çıxırlar. Budəfəki oyunda da dəyişikliklər gözlənilir. “Sumqayıt” bunu lehinə çevirə bilər. Buna baxmayaraq, “atlılar”ın ardıcıl xal itkiləri komandanı bir növ qəzəbləndirib və böyükhesablı qələbə də gözlənilə bilər.  Ölkə kubokunda da finala yüksələn “Qarabağ” rəqibinə nisbətən meydana daha rahat çıxacaq. Qızıl medallar təmin olunub, bir ay sonra da kubokda final olacaq. Çempion bu mövsüm “Sumqayıt”la keçirilən üç görüşü də qələbə ilə başa vurub.

Zirə - Araz-Naxçıvan
Əvvəlki oyunlar: 0:1, 0:0, 3:0


“Zirə” əla forma yığıb. Ölkə kubokunda finala yüksələn “qartallar” Premyer Liqada da son beş oyunda dörd qələbə qazanıb. Ötən tur “Neftçi”ni məğlub etməklə ikinci sıraya yüksələn “Zirə” gümüş medallara ən yaxın komandadır. Rəşad Sadıqovun yetirmələrinin taleyi özündən asılıdır və yaxşı forma yığan komandanın bundan sonra mövqeyini itirəcəyi çətin məsələdir.

“Araz-Naxçıvan”da isə işlər yolunda getmir. Komanda uzun müddətdir, qələbəyə həsrət qalıb. Baş məşqçi Azər Bağırovla yollarını ayıran və sükanı Elmar Baxşıyevə tapşıran “Araz-Naxçıvan”da hələ nəticələr düzəlmir. Komanda Baxşıyevin rəhbərliyi altındakı iki oyunu da uduzub. “Zirə” ilə matçda da məğlubiyyət qaçılmaz ola bilər. Muxtar Respublika təmsilçisinin ciddi hədəfi yoxdur və artıq baş məşqçidən tutmuş rəhbərliyə qədər hamı növbəti mövsümün planlamasına başlayıb. Bu baxımdan komanda elə perioddadır ki, nəticələr böyük önəm daşımır. APL-də bu mövsüm debüt edən komanda üçün 8 və ya 9-cu olmaq arasında böyük fərq olmayacaq.
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla