AZ

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platformaŞƏRH

“COP29

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan dünya miqyasında ən mühüm beynəlxalq tədbirlərdən birinin keçirilməsi ərəfəsindədir. Bu ilin payızında ölkəmiz COP29-a ev sahibliyi edəcək. Hazırda Azərbaycan bu mötəbər tədbirə ciddi şəkildə hazırlaşır. Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum məsələnin önəmi barədə geniş fikir mübadiləsi aparmaq baxımından önəmli platforma oldu. Çünki forumda dünyanın müxtəlif nüfuzlu beyin mərkəzlərinin nümayəndələri iştirak edirdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, forumda Prezident İlham Əliyev dərinməzmunlu çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Qeyd olunub ki, COP29-un ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmətinin və dəstəyinin təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsətidir. Forumda diqqət mərkəzində olan əsas məsələlərdən biri də Cənubi Qafqazda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Azərbaycan Prezidenti vurğulayıb ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq.

Deputatın sözlərinə görə, müstəqil Azərbaycan özünün hər cəhətdən müsbət reallıqları ilə dünyaya nümunəvi inkişaf modeli təqdim edir: “Bunun nəticəsidir ki, ölkəmizə və onun liderinə beynəlxalq səviyyədə böyük etimad və hörmət göstərilir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin uğurlarının səbəblərindən danışıb. Bu xüsusda, fikirlərini ifadə edən dövlətimizin başçısı deyib ki, ölkəmiz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmayıb, hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin qardaş Türkiyə ilə münasibətlərində ədalətli olub. Azərbaycanın uğurunun səbəbi də məhz bundadır. Uğurlu inkişafın təmin olunması üçün bir sıra fundamental amillər zəruri şərtlər qismində çıxış edir. Regional sabitlik və təhlükəsizlik də bu sırada yer alır. Prezident İlham Əliyev dəfələrlə özünün konstruktiv yanaşmasını diqqətə çatdıraraq bildirib ki, təcrid olunmuş hansısa ölkənin uğurlu inkişafı mümkün deyil, bundan ötrü mütləq regional səviyyədə qonşularla yaxşı münasibətlər qurmaq lazımdır. Hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün qonşularla yüksək səviyyəli münasibətlərə malikdir. Eyni zamanda, respublikamızda tam daxili sabitlik mövcuddur. Azərbaycan məhz belə bir şəraitdə tərəfdaş dövlətlərin iştirakı ilə regional və qlobal əhəmiyyət daşıyan bir sıra transmilli layihələrin uğurla reallaşdırılmasına nail olub. Hazırda bu layihələr sayəsində regional inkişaf dəstəklənir və bütün tərəfdaş dövlətlər bundan faydalanırlar. Qeyd olunan layihələrdə Azərbaycanın tərəfdaşları sırasında bir qayda olaraq qardaş Türkiyə öndə gəlir. Bu gün ölkəmizin inkişafına təkan verən və çoxlu sayda tərəfdaş dövlətin bəhrələndiyi enerji və nəqliyyat layihələrinin təşəbbüskarı qismində məhz Azərbaycan çıxış edir. Hazırda Azərbaycan şaxələndirilmiş nəql marşrutları ilə Gürcüstanın, qardaş Türkiyənin və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir”.

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o cümlədən Qazaxın dörd kəndinin dinc yolla qaytarılması sülh üçün yaxşı imkan yaradır. Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Bu, qarşı tərəf üçün ciddi mesajdır. Çünki regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsi, ilk növbədə, bölgədə yaşayan xalqların rifahına xidmət edir. Ona görə də, Azərbaycanın sülh təşəbbüsləri dəstəklənməlidir. Qısa müddət ərzində sülh sazişi imzalanarsa, regionumuzun tarixində yeni bir mərhələ başlanmış olacaq.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla