AZ

Təkliyinə çarmıxlanmış nəsil

Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı haqqında 

Əvvəli ötən sayımızda…

Vilayət Hacıyevin rəyi

“Əlbəttə, tərcümələr hamısı rus dilindən olunduğu üçün, demək olar ki, ifadə edilən məna eynidir. Sadəcə olaraq, ifadə vasitələrində müxtəliflik var. Bəzilərində o, orijinaldakından bir qədər qüvvətli, bəzilərində isə zəif səslənir. Məsələn, “mir bıl ehe takim novım...” cümləsi birinci, dördüncü tərcümələrdə “bakirəydi” kimi verilir ki, bu da, zənnimcə, yaxşı səslənsə də, orijinalın fikir yükünü vermir, “təzəydi”, “təzə idi”, “təzə-tər idi” (tərcümə: 2, 3, 5, 7) hərfi tərcümə təsiri bağışlayır. Əslində, dünyanın həmin vaxtlar heç də “təzə” olmadığını, yalnız onlar üçün təzə açıldığını nəzərə alsaq, altıncı və səkkizinci tərcümələri cümlələrin əvvəlinə “sanki” və ya “elə bil” artırmaqla məqbul tərcümə hesab etmək olar. Bəlkə də belə daha yaxşı səslənərdi: “Sanki dünya yenicə bina olunmuşdu...” Axı onda dünya çoxdan bərqərar idi və hər şeyin də adı vardı, sadəcə olaraq, onlara məlum deyildi.

Orijinaldan ikinci cümləni tərcümə etmək üçün bircə anlığa iri ağ daşların arasından qıjıltı ilə axan, həmin daşları yuya-yuya sanki cilalayan dağ çayını təsəvvür eləmək lazımdır. Əgər biz ruscadakı “loja” və “otpolirovannıy” sözlərini işləndiyi kimi saxlamağa çalışsaq, tərcümə alınmayacaq. Çünki Azərbaycan dilində “çay öz yatağı ilə axır” demirlər. “Çay öz yatağından çıxdı” isə demək mümkündür. “Oqromnıx, kak doistoriçeskie əyüa”-nın tərcüməsində “Nuh əyyamının yumurtaları” (tərcümə 1), “Əfsanəvi əjdaha yumurtaları” (tərcümə 2), “tarixdən öncəki əfsanəvi nəhəng yumurtalar” (tərcümə 3), “qədim kələz yumurtaları” (tərcümə 5), “dinozavr yumurtaları” (tərcümə 6), “əjdaha yumurtası” (tərcümə 8) verilməsi də, zənnimcə, məqbul tərcümə hesab oluna bilməz. Belə olan halda, dördüncü tərcümədəki “bəni-insandan da əvvəllərin nəhəng yumurtaları”nı orijinalın fikir yükünü ifadə edə bilən uğurlu tərcümə saymaq olar.

Bütövlükdə götürəndə, “bakirə”ni, bir də “yataq” sözlərini çıxmaq şərtilə, söz seçimi, fikrin ifadə tərzi baxımından dördüncü tərcümə məqbul hesab oluna bilər, ancaq burada da, məncə, təhkiyənin forması düzgün seçilməyib. “Uzun illər keçəcək və...” ilə başlayan tərcümə mətnlərinin təhkiyə tərzi və bununla yaranan ritmi təkcə orijinala yaxın olmaqla kifayətlənmir, həm də mətnin rəvan oxunmasını təmin edir.

Daha bir məsələni vurğulamaq istərdik: Azərbaycan dilində “gildən tikilmiş ev” ifadəsi işlənmir və burada uzaqbaşı “sarı palçıqdan tikilmiş ev” deməklə orijinalın fikir yükü azalmazdı. Əslində, ispanca “barro” sözünün birinci mənası “palçıq”, ikinci mənası “gil”dir. Yeddinci tərcümənin müəllifi, görünür, hansı duyumlasa haqlı olaraq “palçıq və bambukdan tikilmiş” yazıb.

Əlbəttə, bütün bunlar mənim subyektiv fikrimdir. Onu da deyim ki, mənə təqdim olunmuş hər tərcümənin özünə görə bir uğuru var”.

***

Bunları xatırlatmaqla mən həm Markes cümlələrinin dildən-dilə köçəndə necə bərq vurduğunu, neçə-neçə çalar qazandığını, həm də bədii tərcümə sənətinin nə qədər qəliz, mürəkkəb bir iş olduğunu bir daha nəzərə çatdırmaq istədim. Əlbəttə, neçə ki orijinaldan olunmayıb, heç bir tərcümə mükəmməl sayıla bilməz. Bununla belə ispan dilindən Azərbaycan dilinə birbaşa körpü salınacağını oturub gözləmək də olmaz. Məsələn, Əkrəm Əylislinin ruscadan çevirdiyi “Gözlənilən bir qətlin tarixçəsi”, yaxud İshaq İbrahimovun eyni dildən çevrilmiş “Polkovnikə məktub yoxdur” povestinin tərcüməsi gözəldir, hərçənd axtaran olsa, bu tərcümələrdə nöqsanlar da tapılar, ancaq o çatışmazlıqlar əsərin məzmununu, üslubunu qavramağa əngəl törədəcək səviyyədə deyil.

Markes özü deyirdi ki, Dostoyevskini ən pis tərcümədə belə oxuya bilib. Onun əsərlərinin də hətta qüsurlu tərcümədə ruhunu duymaq mümkündür. Ümumiyyətlə, bədii tərcümə məsələsi bizim yaralı yerimizdir. Müstəqilliyimizin bərpasından bir qərinə ötsə də, bir çox dünya dilindən (hələ dünya dilinə demirəm) peşəkar tərcüməçi kadrlar yetişdirə bilməmişik, halbuki qonşu gürcülər bu məsələni sovet hakimiyyətinin gənc vaxtlarından həll eləyiblər.

***

“Yüz ilin tənhalığı”na qədər Markesin imzası elə də tanınmırdı. Nobel mükafatı laureatı, həm də kolumbiyalı dostunun, həmkarının tədqiqatçısı Varqas Lyosanın da dediyi kimi, o illərdə Latın Amerikası yazıçılarının əsərləri kiçik tirajla nəşr olunurmuş, onu da, eynən indi bizdə necədirsə eləcə, dost-tanışa paylayırmışlar. Lyosa yazır ki, Markesin “Polkovnikə məktub yoxdur” povestiylə ilk dəfə Parisdə, o da fransızcaya tərcümədə tanış olub. Halbuki həmin dövrdə Markesin qırx yaşının tamam olmasına çox qalmamışdı.

“Yüz ilin tənhalığı” romanı həm öz müəllifinin, həm də bütövlükdə Latın Amerikası ədəbiyyatının xilaskarı kimi meydana gəldi. Ondan sonra qitənin ispandilli oxucularının öz milli ədəbiyyatlarına hörməti birə-min artdı, bütün dünyanın diqqəti Latın Amerikasına yönəldi. Markes doğulub boya-başa çatdığı qitənin təbiətini, xarakterini, insanlarını necə bir möcüzəli, sehirli qiyafədə təqdim elədisə, bütün dünya oxucularının üzünə tamam yeni, əfsanəvi bir diyarın qapılarını açdı. Əlbəttə, bu işdə Latın Amerikası ədəbiyyatının qalan nəhənglərinin (Borxes, Neruda, Kortasar, Kasares, Rulfo, Kastaneda, Fuentes, Asturias, Karpentyer, Onetti, Silva, Amadu, Lyosa, Koelyo...) əvəzsiz xidmətini danmaq olmaz, ancaq onların heç biri yer üzünə Markes qədər ün salmayıb.

***

Dünya şöhrətli romanı işıq üzü görəndə Markesin qırx yaşı vardı. Müəllif şah əsərinə doğru ta gəncliyindən yol gəlirdi, ancaq romanın yazılması yalnız beşinci cəhddə baş tutdu. Əlbəttə, belə bir əsəri qələmə almaq üçün zəngin təcrübə, mükəmməl hazırlıq tələb olunurdu. Markes də qırx yaşının astanasında romanı yazmağa artıq hazır olduğunu hiss eləyib hücrəsinə çəkildi. O, əsəri altı aya tamamlayacağını düşünürdü, ancaq proses üç dəfə uzanıb il yarımacan çəkdi. Bu müddətdə həyat yoldaşı Mersedes ev kirayəsini ödəyə bilmədi, qəssaba, dükançılara borclu qaldı, ancaq hamını inandırdı ki, Qabo yeni kitabını tamamlayandan sonra hər şey yaxşı olacaq. Onun dahi ərinə bir rahibə kimi itaət göstərməsi, ona sorğu-sualsız inanması, hətta deyərdim, iman gətirməsi sözün yaxşı mənasında heyrət doğurur.

Axırda iş o yerə çatdı ki, evdə satılası bir şey qalmadı, kitabı poçtla Buenos-Ayresdəki naşirə göndərmək üçün Mersedesin mikserini, fenini girov qoydular. Naşir kitabı səkkiz min tirajla buraxmaq istədiyini deyəndə müəllif həyəcanla ona xəbərdarlıq elədi ki, ehtiyatlı olsun, indiyəcən onun kitabları ən çoxu min iki yüz tirajla çıxıb. Müəllifin xəbərdarlığına baxmayaraq naşir romanı dediyi sayda buraxdı, bu nüsxələr cəmi üç-dörd günə satılıb qurtardı. Ondan sonra roman hər ay on min tirajla yenidən çap olundu, üstəlik, bu proses illərlə sürdü. Ardınca da “Yüz ilin tənhalığı”nın dünya turuna start verildi.

***

Markesin əsəri ailə romanı qəlibində yazılsa da, Tomas Mannın “Buddenbroklar”, Qolsuorsinin “Forsaytlar dastanı”, Marten dü Qarın “Tibo ailəsi”, Qorkinin “Artamonovların işi” romanlarından fərqli olaraq sosial-epoxal xarakter daşımır, hərçənd əsərdə Latın Amerikası xalqlarının ictimai-siyasi bəlalarının da, konkret desək, Şimali Amerikaya məxsus banan şirkətlərinin əhalinin başına gətirdiyi faciələrin, vətəndaş qırğınlarının, inqilabi çaxnaşmaların da üstündən keçilmir. Əslində, “Yüz ilin tənhalığı” real həyatdan ayağı üzülməmiş fəlsəfi pritçadır, başqa sözlə, bu əsər xəyalla gerçəkliyin, reallıqla fantastikanın qovuşağında yazılıb.

Əsərdəki hadisələrin konkret məkanı, xarakterlərin konkret dini-milli kimliyi olsa da, müəllif bu konkretliklərin problemlərini çözməklə kifayətlənmir; yəni Makondo yalnız Kolumbiyanın, Latın Amerikasının yox, bütün dünyanın, Buendia ailəsi də cəmi bəşərin obrazıdır. Markes gerçəkliklə fantaziya arasındakı sərhədi elə ustalıqla silir ki, oxucunun onun uydurmalarına inanmaqdan başqa çarəsi qalmır. Bu səbəbdən onun metoduna magik realizm, yaxud da fantastik gerçəklik adı verilib. Burada bütün hadisələr bir evdə (təsadüfi deyil ki, müəllif əvvəlcə romana “Ev” adı verməyi düşünürmüş), bir kənddə, bir qəsəbədə, nəhayət, sivilizasiya ilə möhkəm bağlantı yaratmış kiçik şəhərdə baş verir, ancaq bu evə, bu şəhərə gəlib-gedən adamların vasitəsilə yaxın-uzaq aləmlərin sədası da eşidilir.

F.Uğurlu

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla