AZ

Hidayət Heydərov: “Yolun hələ başındayıq” - MÜSAHİBƏ

Cüdo üzrə 4 Avropa çempionu Hidayət Heydərovun İdman.bizə müsahibəsi

- Xorvatiyanın paytaxtı Zaqrebdə ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə Avropa çempionu oldun. Bunu necə dəyərləndirərsən?

- ⁠Çox gözəl hisslərdir. Birinci dəfə Avropa çempionu olanda çox sevinmişdim. Bu dəfəki çempionluğum isə tamam başqadır. Yaşadığım duyğular sözlə ifadə olunmayacaq dərəcədədir. Hər bir şey üçün çox xoşbəxtəm.

- ⁠Bu qələbənlə Azərbaycanın cüdo tarixində rekorda da imza atdın.

- ⁠Düzdür, rekord vurdum. Amma hələ bu, başlanğıcdır. Düşünürəm ki, yolun hələ başındayıq. Qarşıdan dünya çempionatı və Olimpiya Oyunları gəlir. İnanıram ki, orda da əldə etdiyim nəticələr rekord olaraq tarixə yazılacaq.

- Bəs çempionluq yolunu necə şərh edərsən?

- ⁠Təbii ki, ağır bir yol idi. Çünki hər bir çempionluğun öz çətinliyi var. Əsas da bu çəkidə lider olanda hər rəqib mənim üzərimdə qələbə üçün hazırlaşdığına görə daha da çətin olur. İstənilən mərhələdəki görüşümün öz çətinliyi var idi, rəqiblərimin heç biri zəif deyildi.

- ⁠Bəs dördüncü dəfə Avropa çempionluğu ilə ilk arasında hansı fərq var?

- ⁠Bu dəfə rekorda imza atdığım üçün tamam başqa hisslər yaşadım. Həmçinin, bu dəfəki tarixi uğurdur. Ona görə də məndə tamam fərqli iz buraxdı.

- ⁠Öncədən bu cür uğura imza atacağına inanırdın?

- ⁠Təbii ki, inanırdım. Amma Avropa çempionatı ağır yarışdır. Bu kimi yarışlarda bütün hallar baş verə bilər. Amma sonda istədiyimə nail oldum. İnanıram ki, bu rekord gələcəkdə yenə təkrarlanacaq.

- ⁠Sizi ilk kim təbrik etdi?

- ⁠Elnur Məmmədli.

- ⁠Siz də uğurunuzu göz yaşları qeyd etdiz…

- ⁠Bəli. Çünki Elnur müəllimlə birlikdə çox əziyyət çəkirik. İkimiz də həqiqətən çox sevindik. Hər şey hələ irəlidədir. Elnur Məmmədli ilə birlikdə çox rekordlara imza atacağıq.

- Onda uğurun davamını dünya çempionatında və Paris-2024 Yay Olimpiya Oyunlarında da gözləyək?

- ⁠Bu il Olimpiya ilidir. Bütün fikrimi Paris-2024 Yay Olimpiya Oyunlarına yönəltmişəm. Bundan öncə dünya çempionatı da olacaq. İkisi də mənim üçün çox önəmıi yarışlardır. Əlimdən gələni edib, yarışlarda yüksək səviyyədə güləşəcəm. Bayrağımızı yenidən yüksəklərdə dalğalandırmaq istəyirəm.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla