AZ

Psixoloq geyiminə görə marketdən qovulan qızdan danışdı: “Bura Əfqanıstan və ya İran deyil, onu cəmiyyətin qabağına yem olaraq atmaq...”

Açıq-saçıq geyiminə görə marketdən qovulan qız barədə video sosial şəbəkələrin Azərbaycan seqmentini zəbt edib. Görüntülərə münasibətdə cəmiyyət iki qrupa bölünüb. Qızı marketdən qovan qadını dəstəkləyənlər bildirirlər ki, artıq yaşlı nəsil əndazəni aşanlara səbir göstərə bilmir, milli mentalitetimizin yerlə bir edilməsi yolverilməzdir. Digər qrup isə deyir ki, kimisə geyiminə görə sıxışdırmaq olmaz, harda qaldı “Avropaya inteqrasiya”, “demokratiya”?

 

Tanınmış psixoloq Nizami Orucov isə Pravda.az-a açıqlamasında məsələni belə şərh edib: 

 

“Qəti şəkildə etirazımı bildirirəm. Heç bir vətəndaşımızı geyiminə, saç düzümünə və s. görə heç kim marketdən və digər yerlərdən qova bilməz. Təbii ki, bir var, kimsə məscidə, kilsəyə bu formada gəlib, provokasiya edib, insanları bilərəkdən qıcıqlandırmağa çalışsın. O zaman tamam başqa məsələ. Yəni hər yerin öz etiketi var. Amma dükandan məhsul almağa çalışan bir vətəndaşı geyiminə görə qovmaq, onu videoya çəkmək, paylaşmaq, o vətəndaşı birbaşa hədəfə almaq və heç də savadlı olmayan, dünyagörüşündə ciddi problemlər olan bir cəmiyyətin qabağına yem olaraq atmaq... Dövlət bu məsələyə birbaşa müdaxilə etməlidir, çünki sonu heç də yaxşı yerə getmir. Bura Əfqanıstan və ya İran deyil, Azərbaycandır. İnsanları milli-mənəvi dəyərlərə dəvət etmək, maarifləndirmək olar, amma kütlənin qarşısına yem olaraq, məhv etməyə hədəf kimi təqdim etmək qəti surətdə olmaz. Bu hərəkətin arxasında bir yox, bir neçə qanun pozuntusu var. Düşünürəm, qanunu pozan hər kəs layiqincə cəzalandırılmalıdır”. 

 

Aytəkin Qardaşova 

Tarix: 27 Aprel 2024, 11:16   
Seçilən
10
Mənbələr
Şərh ()
Bağla