AZ

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Ciddədə

Bakı, 27 aprel, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi İslam İnkişaf Bankının (İİB) Ciddə şəhərində yerləşən Baş Qərargahında “Yol kəsişməsində gənclərin səlahiyyətlərinin artırılması və dayanıqlılığı: Arzu etdiyimiz gələcəyə doğru” mövzusunda 12-ci Gənclərin İnkişafı Forumunda iştirak edib.

AZƏRTAC İƏT-in saytına istinadla xəbər verir ki, Forumda İİB-in əməliyyatlar üzrə vitse-prezidenti Mansur Muxtar son 12 il ərzində ardıcıl keçirilən bu tədbirin təkcə dialoq və əməkdaşlıq üçün mühüm olduğunu deyil, həm də fəaliyyət platforması rolunu oynadığını qeyd edib. O əlavə edib ki, gənclər sabahın firavanlığının hərəkətverici qüvvəsi, dəyişikliklərin memarları, tərəqqinin çempionlarıdır. Eyni zamanda, gənclərin əksəriyyəti böhran zamanlarında çox vaxt ən həssas və qeyri-mütənasib şəkildə təsirlənir. Belə ki, gənclər arasında işsizlik qlobal miqyasda aktual problem olaraq qalır və bunun miqyası regionlar üzrə əhəmiyyətli dərəcədə dəyişir. Rəqəmsallaşmanın və süni intellektdə sürətli irəliləyişlərə uyğunlaşmanın əhəmiyyətinin artması fonunda rəqəmsal bacarıqlar sabahın peşəsi və məşğulluq üçün getdikcə daha vacib hala gəlir. Bununla belə, bir çox gənclərin bu sahədə keyfiyyətli təhsil və təlim imkanları yoxdur.

İƏT Baş Katibliyinin Mədəni, sosial və ailə məsələləri üzrə şöbəsinin baş direktoru Əminə Obaid Əl Hacri gənclərin səlahiyyətlərinin artırılması sahəsində uzun və zəngin fəaliyyəti belə səmərəli mərhələyə çatdırmaqda göstərdiyi səmimi və yorulmaz səylərinə görə İİB-i təbrik edib. O bildirib ki, gəncləri siyasi, iqtisadi, sosial və qərar qəbuletmə proseslərinin hər bir aspektinə cəlb etmək, habelə sülhün təşviqi və inkişaf prosesində onların rolunu artırmaq lazımdır. Həmçinin mötədillik və ekstremizmlə mübarizə səylərində onları vacib tərəfdaş kimi qəbul etmək zəruridir. Bu baxımdan, iqtisadi məhrumiyyət, siyasi təcrid, sosial marginallaşma və ailə institutlarının parçalanması kimi fundamental problemlərin həlli istiqamətində səylər göstərilməlidir.

İştirakçılar forumun mövzusunu iki panel sessiyada müzakirə ediblər; birinci mövzu “Dağıdıcı meqatrendlərin və siyasi böhranların kəsişməsində gənclərin inkişafı: Həll təminatçıları kimi inkişaf institutlarının rolu”, ikincisi isə “Gənclərin davamlılığı: Rəqəmsal əsrdə davamlı gələcək üçün bacarıqların gücləndirilməsi” olub.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla