AZ

8-ci qətnamə

Avropa Parlamentinin növbəti qərəzi

Azərbaycana qarşı aparılan təzyiq kampaniyasının yeni mərhələsi

Müxtəlif siyasi spekulyasiyalara əl ataraq davamlı təzyiq kampaniyaları təşkil edən Avropa Parlamenti ölkəmizə qarşı qərəzi dayandırmır. Açıq ermənipərəst mövqeyi ilə “şöhrət tapmış” AP-nin son davranışları isə ədaləti və beynəlxalq hüququ özü üçün “əsas məram və məqsəd” elan etmiş bir təsisat üçün siyasi rəzalətdir. Xüsusilə, Azərbaycanın ötən ilin sentyabrında bölgədə separatizmi aradan qaldırması ilə daha da intensivləşən bu siyasi hücumlar fərqli aspektlərdən fərqli motivlər ilə reallaşdırılır. Məsələn, ötən ilin oktyabrında separatizmi və erməni yalanlarını dəstəkləyən “mövqeyinin” ardından bu ilin əvvəlində daha fərqli “predmetlərlə” ölkəmizə qarşı qərəz həyata keçirən AP bu dəfə tamam fərqli istiqamət götürüb. Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib ki, XİN Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırır. O qeyd edib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir: “Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib. Bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil”.

XİN rəsmisi vurğulayıb ki, belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar: “Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti, həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır. Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir”.

Azərbaycanda insan hüquqları təmin edilir

Ənənəvi “bəhanələrlə” gündəmə gəlməyə çalışan AP-nin yenidən “insan hüquq və azadlıqları” mövzusuna “sığınması” bu qurumun növbəti məğlubiyyətidir - “Avropa təsisatı” bununla etiraf edir ki, ölkəmizə qarşı qaldırmağa çalışdığı bütün iddiaları saxta mahiyyətə malikdir. Əli bütün bəhanələrdən çıxmış AP-nin bu ad altında hücum cəhdi isə öz başını daşa vurmasıdır - çünki, Azərbaycanın insan hüquq və azadlıqları kontekstində nə qədər ciddi və prinsipial mövqedə olması bütün dünya üçün açıq məsələdir. Azərbaycanın demokratik inkişafının əsas elementi rolunda çıxış edən ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasını təşkil edir. Bu mənada, Azərbaycan Konstitusiyası öz demokratikliyi və insan hüquq və azadlıqlarının təmini baxımından mükəmməlliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Azərbaycan, eyni zamanda, tolerantlıq nümunəsi olaraq da dünyada fərqlənir. Ölkəmizdə dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında bərabərdir. Digər tərəfdən, ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Bir sözlə, ölkəmizdə fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri əsasında yüksək səviyyədə təmin edilir.

Ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyir - BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

Beləliklə, insan hüquq və azadlıqları motivi ilə təzyiq kampaniyası təşkil edən AP-nin “əsl siması” ortaya çıxır. Birtərəfli və qərəzli mövqe Avropa Parlamentinin yeni “imicini” formalaşdırır.

AP-dəki korrupsiyanın proyeksiyası...

Bu məsələyə toxunmağımız yersiz deyil - Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qərəzli, ədalətsiz qətnamənin ortaya çıxma səbəbləri  məhz təsisat üzərindəki korrupsiya kabusunun “siluetidir”. Avropa Parlamentinin imici artıq uzun müddətdir ki, yerlərdə sürünür - adı milyonluq korrupsiya faktlarında hallanır və ittiham edilir. Nə üçün öz “ayıbına kor olmayan” Avropa Parlamenti yenidən ədalətsiz addımlara əl atır? Yuxarıda qeyd etdiyimiz “korrupsioner havadarlar” ifadəsi də məhz buradan qaynaqlanır. Qərbin ermənipərəst siyasətçilərinin, qurumlarının üzündən maskalar endikcə əsl sima(sızlıq)ları üzə çıxır. Ortada sübutlar və faktlar mövcuddur. Cəmisi aylar öncə Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsi yaddaşlardan silinməyib. Onsuz da irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan Avropa Parlamentinin rəsmisinin adının belə çirkin korrupsiya faktlarında hallanması maraqlı nüansları ortaya çıxarır - demək ki, Avroparlamentdə müxtəlif ölkələrlə bağlı qərarların verilməsində ədalət tərəzisinin əyilməsinə, beynəlxalq prinsiplərin arxa plana keçirilməsinə, lobbi maraqlarının önə çəkilməsinə, imperialist güc mərkəzlərinin maraqlarının birtərəfli qaydada təmin edilməsinə dair çoxsaylı faktların olması ilə bağlı informasiyalar həqiqəti əks etdirir. Siyahı tək yunan deputatla da yekunlaşmır- Avropa Parlamentində öz mövqelərini dəstəkləmək müqabilində Qətər və Mərakeşdən rüşvət almaqda şübhəli bilinən Avropa Parlamentinin iki deputatı da təqsirləndirilir. Avroparlamentin deputatları Andrea Kozzolino və Mark Tarabella həbs edilərək Brüssel prokurorluğunda dindiriliblər. Hər iki siyasətçi Avropa İttifaqında qərarlara təsir etmək üçün “üçüncü ölkələr”dən müavinət almaqda ittiham olunur.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin məşhur “vaksin maxanasiyası” da buna ən real misallardandır. Bəlli olduğu kimi, fon der Lyayenin ABŞ şirkəti ilə bağladığı “müqavilə” milyonlarla pulun mənimsənilməsinə yol açıb. Beləliklə,  Avropa strukturlarının korrupsiya və rüşvət vasitəsilə digər ölkələrə qarşı ədalətsiz qətnamələr qəbul etməsi artıq adi hal alır. Şübhəsiz ki, lobbiçilik müqabilində rüşvətalma faktlarının üzə çıxması Avropa Parlamentinin imicini yerlə bir edib - amma Avroparlament baş verənlərdən nümunə çıxarmaq istəmir. İndi də Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe tutur...

Bir sıra deputatların lobbi qruplarının maraqlarını təmsil edir

Qeyd edək ki, Azərbaycanın Milli Məclisi də 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu addım ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirilir, Milli Məclis yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir. “Avropa Parlamentinin Azərbaycana qarşı məqsədyönlü fəaliyyət göstərən deputatlarının təhriki ilə hazırlanıb müzakirəyə çıxarılması erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin Avropa Parlamentinə təsirinin miqyası haqqında təsəvvür yaradır. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını pozmağa, ümumiyyətlə, onun Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar”.

Milli Məclis Avropa Parlamentini ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salan hərəkətlərdən çəkinməyə, ölkəmizlə bağlı məsələlərdə obyektiv mövqe tutmağa, siyasi mülahizələrə əsaslanan birtərəfli yanaşmadan çıxış etməməyə çağırıb. Eyni zamanda, Azərbaycan parlamenti bəyan edib ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.

AP-nın son addımlarının əsl səbəbi insan hüquqları deyil

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da öz mövqeyini açıqlayıb. İcmanın yaydığı bəyanatda bildirilib ki, QAİ Avropa Parlamentinin Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyir. “Eyni mərkəzdən idarə olunan məlum bədxah xarici dairələr son günlər “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı səlib yürüşlərini intensivləşdirmişdir. ABŞ konqresində və dövlət departamenti tərəfindən bu həftə atılmış anti-Azərbaycan addımların ardınca Avropa Parlamenti 25 aprel tarixində qərəz və böhtan dolu akt qəbul etmişdir. Guya azərbaycanlıların insan hüquqlarının qeydinə qalan ikiüzlü Avropa parlamentariləri sözügedən qətnamə ilə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmışdır.

Görəsən ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğal edib yüz minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda, 30 minə yaxın azərbaycanlını qətlə yetirəndə onların hüquqları Avropa Parlamentinin yadına niyə düşmürdü? Ermənistanın öz ərazisindən qovduğu 300 min azərbaycanlının öz evinə qayıtmasına imkan verməməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışına məhəl qoymaması Avropa Parlamentini niyə heç narahat etmir?

Bütün bunlar onu sübut edir ki, Avropa Parlamentinin son addımlarının əsl səbəbi insan hüquqları deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsidir.

Əgər Avropa Parlamenti sanksiyalar yolu ilə insan hüquqlarını təşviq etmək istəyirdisə, onda milyondan artıq azərbaycanlının təməl hüququnu pozmuş Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çalışmalı idi. Qərbi Azərbaycan İcması Avropa Parlamentindən ayrı-seçkilik siyasətindən, regionda vəziyyəti gərginləşdirən addımlardan və insan hüquqları kimi ali dəyərdən sui-istifadə cəhdlərindən əl çəkməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edir”.

P.SADAYOĞLU

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla