AZ

Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir...

Nələrə diqqət edilməlidir?

Gənc nəslin milli şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir dünyanın vacib elementlərindən hesab olunur. Gənclərin vətənpərvərliyi emosiya və hisslərlə bağlı olduğundan bu hisslərin tərbiyəsi hər bir dövlət və cəmiyyət üçün vacib məsələyə çevrilir. Gənclər bizim gələcəyimizdir. Zaman-zaman ən mötəbər kürsülərdən səslənən və nəsillərin bir-birini əvəz etməsi fonunda gəncliyə böyük ümidləri ifadə edən bu şüar həmişə aktual olub. Çünki bəşəriyyətin sadə yaşam məntiqi belədir. Bu gün həyatın bütün sahələrində quruculuq işlərinin sükanı arxasında olan orta və yaşlı nəsli sabah gənclər əvəz edəcək. Ölkənin qurucuları, sahibləri onlar olacaqlar. Bu mənada gəncləri sabahkı həyata, ata-babalarının işlərini ləyaqətlə davam etdirməyə, dövlətin, xalqın onlara bəslədikləri ümidləri doğrultmağa hazırlamaq bütün dövrlərdə xalqların əsas qayğısından biri olub.

İnsan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də məhz gənc yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən asılıdır. Gələcəyimizi xoşbəxt, əmin-amanda görmək istəyiriksə, sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi bu gün də aktualdır.

Gənclərə daim hərbi məzmunlu biliklər verilməlidir

Mövzunu “Yeni Azərbaycan”a şərh edən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Respublikamızın ümumtəhsil orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə, bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları var: “Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümükündür ki, orta məktəbin 10-11-ci siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən daim hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, Vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Artıq bu gün müstəqil Respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Gənclərin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür. Gənclər bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən, insan yetişdirmək deməkdir”. 

Vətənpərvərlik tərbiyəsi planlı təşkil olunmalıdır

Ekspertin sözlərinə görə, vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir: “Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi yalnız özbaşına, kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Gənclərin vətənpərvərlik tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, Vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət- ənənələrini bilməli, Vətəni sevməlidirlər. Gənclər ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalıdır. 

Ölkəmizdəki gənclər şanslıdır...

E.Əfəndi qeyd edib ki, Respublikamızda hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir: “Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu, çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarıdır. Hərbi vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Məsələn, Bəxtiyar Vahabzadənin “Bayraq” şeirində vətəndaşlıq qüruru aşılamaq üçün çox ibrətamiz fikir səslənir: “Bayraq mənliyimdir, bayraq kimliyim! Bayraq öz yurduma öz hakimliyim!”. Bu fikri belə izah etmək olar: Bəli müstəqil yurdu, dövləti olan xalqın bayrağı olur! Xalqımızın üçrəngli, ayulduzlu bayrağı onun müstəqilliyinin rəmzi kimi tərənnüm olunur!. Ona görə də ölkəmizdə böyüməkdə olan gənc nəsl olduqca şanslıdır. Sadaladığımız məqamların hər biri isə gənclərimizdə vətəndaşlıq, vətənpərvərlik duyğularını formalaşdırmaq üçün zəruri vasitələrdir”.

Y.SAHİB

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla