AZ

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

Bakı, 27 aprel, AZƏRTAC

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları silsilə tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının aprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində keçirdikləri tədbirlər nəticəsində 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkarlanaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.

DİN məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır.

Seçilən
8
22
Mənbələr
Şərh ()
Bağla