AZ

Heydər Əliyev Fondu Ulu Öndərimizin arzularını, əməllərini yaşadır

Ümummilli Lider, görkəmli ictimai - siyasi xadim, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin mənəvi irsi zəngin və ölməzdir. Öz həyatını Azərbaycan xalqının firavanlığına, xoşbəxtliyinə sərf edən, fəaliyyətinin bütün dövrlərində ölkəmizi inkişaf etdirən və dünyaya tanıtdıran unudulmaz rəhbərimizin vətən qarşısında xidmətləri xalqımızın qəlbində yaşayır və əsrlər boyu yaşayacaqdır. 

Çünki bu ömrün anları, günləri və illəri Azərbaycan xalqı ilə bərabər, bəşəriyyətin gələcəyinə, dünyada sülhün, azadlığın, əminamanlığın bərqərar edilməsinə hesablanmışdır və bəşəri ideyalarla yoğrulmuşdur, cilalanmışdır.

80 illik mənalı bir ömrün hər səhifəsində Azərbaycanın, xalqın taleyüklü məsələləri, - sevinci, vüsalı, inkişafı, ağrı - acısı, yurd salıb və hər bir anın məqsədi - amalı, dəyəri əbədiləşmişdir. İkinci dünya müharibəsinin dəhşətlərini yaşayan, təhlükəsizlik orqanlarında çətin, məsuliyyətli yol keçən, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən, Sov. İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin sədri və ölkə Prezidenti vəzifələrində çalışan Heydər Əliyev fəaliyyətinin bütün dövrlərini gərgin, səmərəli zəhməti ilə mənalandırılmış, hər anı qiymətli etmiş, nəsillər üçün ölməz bir mənəvi irs qoyub getmişdir. 

Bu irsi qiymətləndirməyi, təbliğ etməyi, ölməz rəhbərimizin bəşəri arzularını, əməllərini nəsildən - nəslə ötürməyi Azərbaycan xalqı özünün müqəddəs vəzifəsi hesab edir. Heydər Əliyevin azərbaycançılıq, birliyimiz, tariximiz, dilimiz, mədəniyyətimiz, dinimiz, inkişafımız uğrunda mübarizə əzmini, qətiyyətini, uğurlarını və bu amalların, əməllərinin nəticələrini, əhəmiyyətini vurğulamaq, araşdırmaq, təhlil etmək, aşılamaq tarixi bir missiyadır, şərəfdir, qürurvericidir. 2004 - cü ildə fəaliyyətə başlamış Heydər Əliyev Fondunun, Fondun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti əvəzsizdir və ən yüksək qiymətə layiqdir. Fond Heydər Əliyevin fəaliyyətinin bütün sahələrini əhatə edən və onun təbliğinə geniş imkanlar yaradan çox mühüm proqram və layihələrin reallaşmasını təmin etməklə Ulu Öndərimizin ölkəmizin sosial - iqtisadi, mədəni inkişafı üçün, xalqın maddi rifahının yaxınlaşdırılması naminə həyata keçirdiyi siyasətin öyrənilməsi sahəsində böyük işlər görmüş, mühüm tədbirlər həyata keçirmişdir. 

Bu proqram və layihələr, tədbirlər sosial, iqtisadi, mədəni, ictimai həyatımızın bütün sahələrini əhatə etməklə, elmimizə, təhsilimizə, mədəniyyətimizə, səhiyyəmizə, idmanımıza, təbiətimizə öz töhfələrini vermişdir. Milli - mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğində və tanıdılmasında Heydər Əliyev Fondunun rolu tarixi əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə vaxtaşırı muğam müsabiqələrinin keçirilməsi və muğam sənətinin böyük şöhrət qazanması milli mənliyimizin təsdiq edilməsi, sənətimizin ucalığının və ölməzliyinin, ona qayğı və ehtiramın bir nümunəsidir. 

Xeyirxahlıq əməlləri, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərilməsi Fondun fəaliyyətinin əsas istiqamətlərindəndir. Minlərlə insanın sağlamlığı qeydinə qalmaq, ağır durumda olan insanlara həyat vermək, çıxılmaz xəstəliklərə düçar olan uşaqları, sənət adamlarını, qaziləri, ziyalıları xarici ölkələrdə müalicə etdirmək insanlığın, xeyirxahlığın ifadəsidir. Fond insanların yaradıcı potensialının , bilik və qabiliyyətinin üzə çıxarılmasına, uşaq və gənclərin biliklərə hərtərəfli yiyələnməsinə, layiqli bir vətəndaş kimi yetişmələrinə, mənəvi dəyərlərin qorunmasına böyük önəm verir və bu sahədə həyata keçirilən layihələr uğurludur. 

Fondun vitse - Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət “ kompaniyası öz mahiyyətinə və əhəmiyyətinə görə nəinki xalqımız, sülhsevər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış, özünə çoxsaylı tərəfdaşlar tapmışdır. Bir çox ölkələrin parlamentləri, beynəlxalq təşkilatlar Xocalı soyqırımına hüquqi - siyasi qiymət vermiş, müxtəlif səpkili qərarlar, qətnamələr qəbul etmişlər. Soyqırımın tanıdılması, xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması tədbirləri sistemli şəkildə bu gün də davam etdirilir. Bu şəhidlərimizin ruhuna böyük hörmət və ehtiramın ifadəsi olmaqla bərabər, həm də haqqın, ədalətin bərpasına bir çağırış, təcavüzə, müharibəyə nifrətin ifadəsidir. 

Xalqımızın, ordumuzun 44 günlük döyüşlərdə, 23 saatlıq anti - terror tədbirlərində qazandıqları qələbələrdə bu çağırışların - düşmənə nifrət hissinin alovlanmasının, oğul və qızlarımızın mübarizliyinin, şəhidlərimizin ölməzliyinin, haqqımızın tələb edilməsinin böyük əhəmiyyəti olmuşdur. Xocalı həqiqətlərini dərk edənlər, bu soyqırımın dəhşətlərindən agah olanlar xalqımızın haqlı mübarizəsini dəstəkləmişlər, ədalətin qələbəsini alqışlamışlar və səsimizə səs vermişlər. Dünyada ən geniş yayılan bir vətənpərvərlik hərəkatı kimi “Xocalıya ədalət” kompaniyasının tarixi qələbəmizdə rolu unudulmazdır. 

İqlim dəyişiklikləri, dünyada baş verən müharibələr, münaqişələr, təbiətin korlanması, su çatışmamazlıqları bu gün insanları ciddi imtahana çəkmişdir. 800 milyondan çox insanın aclıq çəkdiyini, su çatışmamazlığı, təbiətə qəsd edilməsi sahəsində xəstəliklərin artması bəşəriyyəti daha ciddi düşünməyə vadar edir. 

Belə bir dövrdə Heydər Əliyev Fondu öz xeyirxah missiyasını uğurla yerinə yetirməkdədir. Sağlam həyat tərzi formalaşdırmaq, ekoloji sahədə əhatəli tədbirlərə yol açmaq, imkansız ölkələrə yardım əli uzatmaq - məktəblər tikmək, kilsələri təmir etmək, mədəniyyət ocaqlarını yararlı hala salmaq, tibbi ləvazimatlar göndərmək, infrastrukturu inkişaf etdirmək əsas vəzifə kimi qarşıya qoyulmuş və həlli müvəffəqiyyətlə təmin olunmuşdur. Leyla xanım Əliyevanın ekoloji sahədə həyata keçirdiyi tədbirlər - abad həyət, ağac əkmə kompaniyaları öz töhfələrini verir və əkilən milyonlarla ağaclar, abadlaşdırılan həyətlər, parklar, küçələr insanların sağlamlığına, təbiətin saflaşdırılmasına xidmət edir. 

Heydər Əliyev Fondu dünyada çox yüksək nüfuza malik olan, humanist məqsədlərə xidmət edən bir təsisat kimi tanınır və qiymətləndirilir. 

Bəzi fondlardan fərqli olaraq o bəşəri dəyərlərə söykənir, insanların xoşbəxtliyi, dünyanın gözəlləşdirilməsi, həyatın mənalandırılması, elmin, mədəniyyətin, səhiyyənin inkişafi, sülhün, əminamalığın möhkəmləndirilməsi, qarşıdurmaların qarşısının alınması üçün fəaliyyətini genişləndirir, səylərini artırır, insanları öz ətrafında birləşdirir. Bu gün Heydər Əliyev fondu Ulu Öndərimizin ölməz mənəvi irsinin təbliğ etmək, nəsillərə aşılamaqla yanaşı, onun arzularını, əməllərini yaşadır və sağlığında imkan tapıb yerinə yetirə bilmədiklərini həyata keçirir. Mehriban xanım Əliyeva bir ictimai - siyasi xadım, bir vətəndaş, mətin azərbaycanlı kimi daim xalqın arasındadır. Cənab İlham Əliyevlə döyüş zonalarında, işğaldan azad olunmuş ərazilərimizdə, tikinti meydançalarında, beynəlxalq tədbirlərdə, imkansızların yanında, xəstələrin başının üstündə, gənclərin, qocaların əhatəsindədir. O, insanlarla çox vaxt bir rəhbər kimi yox, bir ana, bir qadın kimi görüşür, hər kəsi səbirlə, qayğı ilə dinləyir və Fond vasitəsilə hər bir kəsə öz köməkliyini göstərir və göstərməkdədir. Ulu Öndərimiz Heydər Əliyev də sağlığında insanlara qarşı çox mehriban və həssas idi. Onun üçün insan, torpaq, ?ətən anlayışı müqəddəs idi və bu müqəddəsliyi, ali insani dəyərləri, Vətən, torpaq sevgisini Heydər Əliyev Fondu bu gün yaşatmaqda və ucaltmaqdadır. 

Tahir Rzayev 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla